Könül Quliyeva: Onlar ailə, cəmiyyət və dövlətçilik ənənələrinin davamını təmin edənlərdir

16, 01, 22
13:00

Könül Quliyeva: Onlar ailə, cəmiyyət və dövlətçilik ənənələrinin davamını təmin edənlərdir


Bu günlərdə sosial şəbəkələrdə bir video ildırım sürəti ilə yayıldı. Baş vermiş hadisə barədə məlumat hətta ölkənin televiziya efirində, xəbərlər proqramında yer aldı. İnternet istifadəçiləri bu kadrları paylaşaraq müxtəlif mövqelərdən çıxış edib münasibət bildirdilər. Kimisi təəccüb və təəssüf hissi ilə düşüncələrini bölüşdü, kimisi hiddətlənərək təcili təhqiqat aparılmalı olduğunu yazdı, kimisi də bu cür məlumatları sosial şəbəkələrdə paylaşanlara öz iradını bildirdi.

Hətta uşaqların döyülməsinə haqq qazandıranlar da oldu...

Söhbət İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında baş vermiş hadisədən gedir. Fakt göz qabağındadır: qadın, iki uşaq anası, uşaq bağçasının tərbiyəçisi üç yaşlı körpəyə əl qaldırıb. Hadisə çox ürəkağrıdıcıdır. Başlıca vəzifəsi diqqət və qayğı göstərib uşağı tərbiyələndirmək olan Zülfiyyə Baxışova masa arxasında əyləşmiş körpənin başına qapaz vuraraq əlində tutduğu çörəyi yeməyini tələb edir. Bu cür davranışa nə ad vermək olar? Yadınızdadırsa bir neçə gün öncə məktəbdə direktorun şagirdə şillə vurması ilə bağlı kadrlar da sosial şəbəkələrdə yayılmış, böyük ajiotaj yaratmış, izləyicilər tərəfindən hiddət və qəzəblə qarşılanmışdı.

Onda da müəllimə, təhsil ocağının rəhbərinə haqq qazandıranlar olmuşdu. Bu videoları izlədikcə düşünürsən: övladlarımızın təlim və tərbiyəsini etibar etdiyimiz bu insanlarda (insanlardamı?) qəddarlıq, aqressiya nədən yaranır? Sosial ədalətsizlikdən, qeyri-adekvat psixi durumdan, yoxsa ənənəvi təlim-tərbiyə üsullarının, bütövlükdə isə mənəvi dəyərlərin fiaskoya uğramasından? Bəlkə ictimai münasibətlərin düzgün qurulmamasından qaynaqlanır bu hallar?

Çox təəssüf ki, bu suallara hələ də nə sosioloqlar, nə pedaqoqlar, nə də ki psixoloqlar ətraflı cavab verə bilmirlər. Deməzdim ki, susurlar. Sadəcə olaraq, sərgilədikləri fikirlər olduqca bəsid və yayındırıcı, tutduqları mövqe anlaşılmaz görünür. Görünən həm də odur ki, ictimai qınaq qarşısında süni sədd qoyulan cəmiyyətdə kütləvi-psixoloji deqradasiya hadisəsi sürətlə baş verməkdədir. Hadisə ilə bağlı fikirlərimi yazıda əks etdiyim məqamda daha bir xəbər məni sarsıtdı:

Məktəblinin çantasından kitab-dəftər əvəzinə bıçaq çıxıb...

Biz hansı əsrdə yaşayırıq? Uşaqlara dini biliklərin qapaz və şallaqla, elmi biliklərin şillə və çubuqla aşılandığı dövr uzaq keçmişdə qalıb. İndi başqa dövrandır – elmi-texniki tərəqqinin humanizm prinsipləri ilə qovuşduğu bir zamanda yaşayır, “uşaqlar – bizim gələcəyimizdir” şüarı ilə onların bilikli, savadlı, xoşbəxt və uğurlu olmalarına, layiqli övlad və ləyaqətli vətəndaş kimi formalaşmalarına çalışırıq. Bu gün qapazla böyüyən gələcəyimizdən nə gözləməliyik?

Yəqin ki, “cavab atəşi”...

Cəmiyyətə qənim kəsilmiş cinayətkarların çoxu uşaqlıq illərində böyüklər tərəfindən təcavüzə məruz qalanlar deyilmi? Uşağa əl qaldırmaq, ona qarşı zor tətbiq etmək - insanlığa, cəmiyyətə, ölkəyə və onun gələcəyinə qarşı cinayət törətmək deməkdir. Diqqət və qayğıya daim ehtiyacı olan körpənin başına endirilən qapaz əslində bir uşağa yox, bütövlükdə gələcəyimizə vurulan qapaz deyilmi?

Ən çox qayğıya, nəvazişə, sevgiyə və hörmətə ehtiyac duyduğumuz bir dövrdə gənc nəslin qəddarlıqla, zor və şiddət tətbiq edilməklə böyüdülməsi nəinki bir ailəni, hətta bütün cəmiyyəti faciəyə sürükləyir...

Təbii ki, bu cür hallara vaxtında müdaxilə etmək vacibdir. Təhsil Nazirliyi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə həmin tərbiyəçini işdən qovdu. Ardınca isə Daxili İşlər Nazirliyi onu təhqiqata cəlb etdi... Ədalətli addımdır. Eyni zamanda, tərbiyəçi qadının psixoloji durumunda müəyyən problemlərin yaşandığı da şübhə doğurmur. Belə birisinə övladlarımızın tərbiyəsini etibar etməkmi olar? Övladlarınızı cəmiyyətdən təcrid edilməli olan kəslərdən, özünün tərbiyə olunmasına ehtiyac duyulan tərbiyəçilərdən qoruyun!

Qoruyun ki, gələcəyimiz olan fidanları nifrət yox, sevgi ruhunda böyüdək. Unutmayaq ki, uşaq müqəddəs varlıqdır. Onlar ailənin sərvəti, bəşəriyyətin dəyəri olmaqla bərabər, gələcək nəslin gücü, potensialıdırlar. Onlar ailə, cəmiyyət və dövlətçilik ənənələrinin davamını təmin edənlərdir. Və yalnız bizə, böyüklərə güvənənlərdir.

"Uşaqların Gələcəyi Naminə" İB Sədr Könül Quliyeva


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın