AZAL şefi bığını dəyişdi amma AZAL dəyişmədi - AKTUAL PROBLEM

27, 11, 21
15:00

AZAL şefi bığını dəyişdi amma AZAL dəyişmədi - AKTUAL PROBLEM


Dünən “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda aviaşirkətin cari fəaliyyəti və aktual məsələlər, həmçinin dövlət başçısının fərman və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər müzakirə olunub. Görüşdən sonra Müşahidə Şurasının üzvləri üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda işçi ekskursiya təşkil olunub.

Qeyd edək ki, AZAL Müşahidə Şurasına bir sıra səlahiyyətlər verilib ki, onların sırasında Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək, Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək də yer alıb. Qeyd edək ki, bu gün AZAL-ın fəaliyyəti ancaq görüşlərin keçirilməsi, yeni təyyarə alınması və bir də yüksək qiymətlər tətbiq etməkdən ibarətdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə,cari ilin 9 ayında ölkədaxili biletlərin qiymətində sabitlik hökm sürüb. Belə ki, bir gedişin qiyməti 53.67 manat təşkil edib. Xarici səfərlərlə bağlı hər gedişin qiyməti isə 1.3 faiz bahalaşmaqla 724.27 manata yüksəlib. Ümuimlikdə isə nəqliyyatda sərnişindaşıma qiymətləri indeksi, hava nəqliyyatında 2020-ci ildə əvvəlki ilə nisbətən 100,7 faiz olub. AZAL-ın qiymətlərlə bağlı "fəaliyyəti" barədə dəfələrlə tənqidi fikirlər səslənsə də hələ ki, heç nə dəyişmir.

Dünya ölkələrinin əksəriyyətində təyyarə biletlərinin qiymətinin aşağı olmasında əsas hədəflərdən biri də ölkədə turizmin inkişafına yönəlib. Nə qədər ki, AZAL-ın tətbiq etdiyi yüksək qiymətlər var, bu, ölkədə turizmin inkişafına mane olan səbəblərdən biri olaraq qalacaq. Halbuki bu gün bir sıra turizm ölkələri xüsusilə də pandemiya ilə bağlı itirdikləri turizm gəlirlərini bərpa etmək üçün qiymətlərdə endirimlər, kampaniyalar təşkil edirlər. Nəzərə alsaq ki, qarşıdan qış turizmi gəlir, əhalinin xarici ölkələrə səfərləri üçün imkanlar yaradılmalıdır.

Artıq bir sıra ölkələr belə kampaniyalara başlayıblar. Məsələn, Türkiyənin "Corendon Airlines" aviaşirkəti 31 mart 2022-ci il tarixinədək bütün uçuşlara 20% endirim təklif edir. 25-28 noyabr tarixləri arasında aviabilet bron edənlər "Super Cümə" endirimləri ilə sərfəli səyahətlərdən yararlanacaqlar. Aviaşirkət qış mövsümündə Türkiyənin 12 şəhərini Almaniya, Avstriya, İsveçrə, Hollandiya, Belçika və Polşa ilə birləşdirən birbaşa reyslərdən biri ilə endirimli uçuş yolu təklif edib.

"Corendon Airlines" qış boyu Avropa ilə Türkiyə arasında intensiv uçuşlar həyata keçirməklə yanaşı, Avropanı Aralıq dənizi, Kanar adaları, Madeyra və Hurqadanın məşhur istirahət yerləri ilə birləşdirməyə davam edəcək. Rezervasiyalar 31 mart 2022-ci il tarixinədək istifadə edilə biləcək. Bundan əlavə, gediş-dönüş bileti alanlar uçuşun ümumi bilet qiymətinə əlavə 10% endirim əldə edəcəklər.

Digər bir ingilis tur operatoru "EasyJet Holidays" isə artıq 2023-cü ilin yay mövsümünün təyyarə biletlərini xüsusi kampaniya ilə satışa çıxarıb. İngiltərədəki 8 hava limanından 1 milyon yer planlaşdıran şirkət rəqiblərini geridə qoyub. 2023-cü ilin yay proqramı hazırda 50 istiqaməti və 900 oteli əhatə edir. Ölkəmizdə isə hazırda əhali yalnız bir AZAL-ın ümidinə qalıb ki, bu hava yolundan da heç bir kampaniyanın, qiymət endirimi gözlənilmir.

Xatırladaq ki, qiymətlərin yüksək olması ilə bağlı Dövlət Turizm Agentliyi “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) idarəetməsi həvalə olunmuş Azərbaycan İnvestisiya Holdinqinə (AİH) müraciət etmişdi.

Ötən müddət ərzində bu istiqamətdə hansısa dəyişiklik olmasına gəldikdə isə DTA-nın müşaviri Kənan Quluzadə Cebhe.info-ya bildirib ki, təkliflər müzakirə predmetidir və qurum yenə də həmin məsələni AİH, AZAL-la davamlı müzakirə edir:

“Hələ ki, pandemiya dövrüdür, kütləvi turizm yoxdur. Biz qiymətləri formalaşdıran deyilik, qiymətlərlə bağlı AZAL, yaxud AİH müraciət edilməlidir".

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, ölkədə hava nəqliyyatında AZAL-ın hegomonluğu var:

"Ölkədə 99 faiz sərnişin daşınması bu şirkətin və yaxud həmin şirkətlərlə birgə uçuşlar həyata keçirən şirkətlərin əlindədir. Hətta Azərbaycanda Türk Hava Yolları ilə uçuş edərkən bu, biletdə də yazılır, eləcə də anonsda da eşidilir ki, THY ilə AZAL-ın birgə reysidir. Bu, o deməkdir ki, AZAL-ın oyun qaydaları bütün digər şirkətlərə də tətbiq edilir. AZAL maraqlı deyil ki, ölkədə bu sahədə ciddi rəqabətli mühit olsun. Rəqabətli mühit yaranarsa, digər şirkətlərin bazara daxil olmaq imkanları genişlənərsə, bu zaman AZAL-ın təkbaşına qiymət qoyma siyasətinin qarşısı kəsilə bilər. Bu da AZAL-ın gəlirlərinə böyük təsir göstərər. Ancaq burada bir qəribə məqam ondan ibarətdir ki, bu qədər inhisarçı olmasına baxmayaraq, AZAL-ın özü ən böyük dotasiya alan şirkətlərdən biridir. Hər ilin sonunda ziyanla işlədiyini açıqlayır və bu ziyanın nədən ibarət olduğunu, xərclərin hansı istiqamətdə olması ilə bağlı məlumat da vermir. Bu, əsas problemlərdən biridir. Ona görə də bu məsələnin həlli AZAL-ın inhisarçılıq mövqeyindən geri çəkilməsindədir".

Ekspert deyir ki, yerüstü xidmətlərin AZAL-ın əlindən alınması da mühüm məqamlardan biridir:

"Belə ki, yürüstü xidmətlər də AZAL-ın törəmə şirkətlərinin əlində olduğundan qiymətlər digər şirkətlər üçün daha baha müəyyən edilir. Bu da ölkədə yerüstü şirkətlərin fəaliyyəti üçün maneələr yaradır".

Ekspertin fikrincə, bunun çox sadə bir yolu var:

"AZAL-ın inhisarçılığına son qoymaq olar. Azərbaycanda çalışmaq istəyən çox sayda şirkətlər var ki, hökumət onların bazara daxil olması ilə bağlı şərait yaratmalıdır. Onların fəaliyyətinə maneəçiliyin aradan qaldırılması üçün addımlar atılmalıdır. Bundan sonra Azərbaycanda qiymətlərin aşağı düşməsinin şahidi olacağıq. Hazırda Gürcüstanda bu istiqamətdə 14 şirkət fəaliyyət göstərsə də, Azərbaycanda belə bir şərait yoxdur". 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın