Şeyxin nəzir qutularından korrupsiyası - xalqa verdiyi ianələrin hesabatı niyə açıqlanmır?

26, 10, 21
15:00

Şeyxin nəzir qutularından korrupsiyası - xalqa verdiyi ianələrin hesabatı niyə açıqlanmır?


Azərbaycanın İranla korlanan münasibətləri həlimləşməyə başlasa da, din xadimlərinin dindirilməsi davam edir. Bu, cənub qonşunun ölkəmizdə hansısa bağlantılarını, casus şəbəkəsini təftiş etməyə hesablanıb. 

Bir neçə dini saytın bloklanması, ayrı-ayrı ilahiyyatçıların sorğu-sual olunması, bəzilərinin sərbət buraxılması, bir nəfərin həbs olunması İranla bağlı şəbəkəni saf-çürük etmək məqsədi daşıyır. 

Əslində, bu “təmizləmə” çoxdan olmalıydı: istər maliyyə kanallarının üzə çıxarılması, istərsə İranpərəstlərin de-şifrə olunması, istərsə də ictimai rəydə skeptik fikirlərə son qoyulması baxımdan gələcəkdə Tehranla münasibətlər daha aydın qurula bilər. 

Lakin indiyə qədər qaranlıq qalan, əldə edilən vəsaitləri hansı səmtə, hansı yana sərf edildiyi bilinməyən məsələ məscidlərdə yığılan ianələrdir. 

Son hadisələr fonunda aktuallıq kəsb etdiyi üçün nəzir qutularına atılan pulların kimlər tərəfindən və hara istifadə olunması araşdırılmalıdır. Şübhə yoxdur ki, xüsusi xidmət orqanları bu işi gözdən iraq saxlamazlar. 

Amma tamamilə nəzarət etmək və maliyyə hesabatlılığı olmayan yerləri köklü araşdırmaq da çətindir. Çünki ianələr barədə hesabat verilmir, Vergilər və Maliyyə Nazirliyi işə qarışa bilmir. 

Hətta vaxtilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev demişdi ki, təkcə Bibiheybət məscidinə aylıq 400 min manat nəzir yığılır. 

Fantastik rəqəmdir. Yəni az qala yarım milyona yaxın məbləğdir. Amma Qafqaz Müsəlmanları İdarəsi dövlət orqanlarına buna görə hesabat vermir. 
Əgər ayrı-ayrı axundların, din xadimlərinin, onlara yaxın media quruluşlarının İranla bağlantıları haqda şübhələr təftiş olunursa, məscidlərdə yığılan nəzirlərin də hara axdığı yoxlanmalıdır. 

Amma QMİ və sədri Allahşükür Paşazadə ölkədə fəaliyyət göstərən yüzlərlə məscidin nəzir qutularına yığılan ianələr haqda maliyyə hesabatı vermir. 

Nəzərə alsaq ki, Bibiheybətə o zaman ayda 400 min yığılırdı, indi bu rəqəm daha böyük ola bilər, üstəlik, görün digər pirlərə, məscidlərə nə qədər pul daxil olur. Amma bu vəsaitlər dövriyyədədir, hara getdiyi bilinmir. 

QMİ tərəfindən hansısa ağır xəstənin müalicəsinin, əməliyyatının qarşılanması, hansısa tələbənin təhsil xərclərinin ödənilməsi, qazi və şəhid ailələrinə dəstək olunması, kimsəsiz və tənha insanlara yardım edilməsi faktına rast gəlinməyib. O zaman nəzir qutuları kimlərin cibinə gedir?! 

İanələrin hara sərf olunmasında din xadimlərinin şəffaflıq yaratmaları onların Allah qarşısında vəzifələridir. Bu məsələdə xristian məzhəblərinə aid olan kilsələr, o cümlədən sinaqoq daha şəffafdırlar. Amma Şeyx...

Bəli, Şeyx o şəxsdir ki, Qarabağda bizi qələbəyə aparan səbəb kimi Xameneinin fətvasını göstərmişdi. Son bir ayda “şirin quyruğu”ndan tutmuş təlimlər keçirməsinə qədər bildik ki, bizi qələbəyə aparan kim imiş.

İndi də QMİ sədri zəhmət çəkib izahat versin ki, ilk bəyanatının fıs çıxması kimi, pulların da hara gedib çıxmasını ictimaiyyətə açıqlasın. 

Bunun adı ianədirsə, o demək deyil ki, xalqın pulunu kim necə istəsə sərf edə bilər və gizlətmək hüququ var. Türkiyədə də vəqflər var və hesabatlılıq şərtdir. Ona görə QMİ sədri xalqdan yığılan pulların dövlət qurumlarına olmasa da, hara xərcləndiyini xalqa hesabat verməlidir. 

İnsanlar bilməlidir ki, mərhəmət göstərərək, xoş niyyətlə nəzir qutularına atdıqları pullar ehtiyacı olanlara verilir, yoxsa Şeyxin biznesini genişləndirir. Əslində bu ianələr hesabına məscidlərin müəyyən xərcləri qarşılanmalı, imkansız adamların dəfn, başdaşı və yas xərcləri ödənilməli, əhalinin aztəminatlı ailələrinə dəstək verilməlidir. 

Amma bunlar olmadığı və hesabat verilmədiyi üçün ianələrin korrupsiya və mənimsəmənin qurbanı olmasına şübhələr yaranır, eyni zamanda, hansısa təbliğata, qaranlıq yerlərə bağlı adamların cibinə axmasına dair ehtimallar meydana çıxır. Odur ki, Şeyx ianə korrupsiyası şübhələrini üzərindən atmaq üçün QMİ xalqa hesabat verməlidir. 

Rəsmi məlumata görə, 500-ə qədər ziyarətgah, 1000-dən artıq məscid fəaliyyət göstərir, hər gün yüzlərlə ziyarətçi baş çəkir. Bəs nəzir qutularına yığılan pullar hara gedir?  

Qeyd edək ki, müstəqillik qazandıqdan müxtəlif fondların Azərbaycana axını başladı. İstər xristian məzhəbləri, istərsə də müsəlman məzhəbləri yardım göstərmək adı altında ölkəmizə gələrək radikal dini cərəyanların yaranmasında əsas rol aldılar. 2000-ci illərin başlanğıcından məhz milli təhlükəsizlik səbəbi ilə bu fond və təşkilatlar ölkəmizdə tədricən bağlansalar da, qeyri-rəsmi yollarla burdakı fəaliyyətlərini davam etdirənlər oldu. Elə bu yaxınlarda Ocaqnecatın qaçışı nümunədir.

Habelə, Suriyaya, İraqa gedən könüllülərin arasında azərbaycanlıların olması bu təhlükəninin nə qədər böyük olduğunu ortaya qoydu. Bəs bu məsələ ətrafında Qafqaz Müsəlmanları İdarəsinin gördüyü işlər nədən  ibarət oldu? - Heç nə!

QMİ ehtiyacı olan insanlara yardım göstərmək adı altında xarici dini təşkilatların Azərbaycana ayaq açmasına da yardım edib. Bir müddət əvvəl Paşazadənin xaricdən göndərilən yardımları mənimsəməsi haqda da xəbərlər dolaşırdı. Sonra Şeyxin Karlovı-Varıda biznesi, mal-mülkü üzə çıxdı... (Anaxeber.info) 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın