“Qurumlarda mütləq mənada audit yoxlamaları da həyata keçirilməlidir”

16, 09, 21
11:40

“Qurumlarda mütləq mənada audit yoxlamaları da həyata keçirilməlidir”


Xəbər verildiyi kimi,  Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. Prezident qəbuldakı çıxışında həbs edilən icra başçılarının tender prosedurlarını kobud şəkildə pozmasından və pulları adətən öz şirkətlərinə vermələrindən danışıb. 

Sitat: “Əlbəttə, biz hər bir rayonun inkişafı ilə bağlı lazımi addımları atacağıq. Əsas infrastruktur layihələrinin başa çatması o demək deyil ki, biz bu maliyyə və maddi dəstəyi kəsəcəyik. Yox, verəcəyik, ancaq məqsədyönlü şəkildə, ancaq bütün qaydaları nəzərə almaq şərti ilə verəcəyik. Bir də ki, həbs edilmiş icra başçıları, – təkcə Cəlilabad, Şəmkir rayonlarından söhbət getmir, – digər rayonlarda da tender prosedurlarını kobudcasına pozurdular. Yəni dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər.

Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi. Biz bu gün aparılan islahatlar nəticəsində əldə edilmiş əlavə mənfəəti, ilk növbədə, insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldirik. İndi ilin doqquzuncu ayıdır. Ancaq şəffaflıq nəticəsində, islahatlar nəticəsində dövlət büdcəsində profisit yaranıb və biz bunun böyük hissəsini yenə də insanların sosial müdafiəsinə yönəldirik”.

Göründyü kimi, ölkə başçısı məmurların büdcə talanından dövlət büdcəsinin kifayət qədər ziyan gördüyünü bəyan edib. Belə hallar dövlət büdcəsindən nə qədər vəsaiti yayındırır və buna görə başlıca məsuliyyət kimin üzərinə düşür?

İqtisadçı ekspert Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, konkret olaraq büdcədən nə qədər vəsaitin mənimsənildiyi ilə bağlı rəqəm demək çətindir: “Belə olarsa, ən konkret ittiham irəli sürmüş olaram. Ancaq buna nəzarət etməli olan qurumlarla bağlı fikirlərii deyə bilərəm.

Büdcə təşkilatlarının hamısının maliyyə təsərrüfat fəaliyyəti bilavasitə Hesablama Palatası tərəfindən yoxlanılır. Bu qurum büdcə təşkilatlarının xərcləri, proqnozları və təyinatı üzrə xərclənməsinə nəzarət edən qurumdur. Əldə olunan məlumatları Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə və ictimaiyyətə təqdim etmək də onların işidir. Hesablama Palatasının fəaliyyətində nə qədər müstəqilliyin olması haqda nəsə deyə bilmərəm. Buna baxmayaraq, həmin qurum  büdcə təşkilatlarında növbəti və növbədənkənar yoxlamalar aparır. Hər hansı  şübhələr müəyyənləşərsə, həmin vaxt növbədənkənar yoxlamalar təyin edilir və Hesablama Palatası büdcə təşkilatının bütün fəaliyyətini kökündən yoxlayır. Yəni cavabdeh olan qurumun adını sizə çəkdim. Büdcədən oğurlanan pullarla bağlı hallar geniş vüsət alıb.

Təəssüflər olsun ki, bununla bağlı ictimaiyyətə geniş məlumat verilmir. Siz nə vaxtsa eşidibsiniz ki, belə hallarla bağlı dəqiq məlumatlar verilsin? Tenderlərlə bağlı vəziyyət çox acınacaqlıdır. Bununla bağlı mən hökumətə təkliflər paketi göndərmişəm. İzafi xərclərin qarşısının alınmasına xüsusi toxunmuşam. Çünki tenderlərin böyük əksəriyyətində  xərclər süni şəkildə şişirdilir. Görüntü xarakterli tenderlər də var ki, formal keçirilir. Yəni onların nəticəsi ilə bağlı  məlumat əvvəlcədən bəlli olur. Bütün bunlara baxmayaraq, ölkə başçısının bu cür neqativliklərə şəxsən toxunması müsbətdir. Belə hallarla bağlı mübarizənin ciddi nəticələr verə biləcəyinə inamımız artır. Bilirsiniz ki, işğaldan azad olunan ərazilərdə böyük quruculuq işləri həyata keçiriləcək. Bu böyük miqdarda vəsait deməkdir. Hətta büdcə xərclərində də özünü göstərir. Biz bütün izafi xərclərin qarşısını almalıyıq. Hesab edirəm ki, bu sahədə şəffaflığın daha da təmin olunması üçün qurumlarda mütləq mənada audit yoxlamaları da həyata keçirilməlidir. İşğaldan azad olunan rayonlardakı işlərlə də bağlı tenderlər keçirilir. Onlara xüsusilə nəzarəti gücləndirməliyik”.

Məhəmmədəli QƏRİBLİ

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın