Nəsimi rayonunda tikinti xaosu - Mirqasımov küçəsinin sakinlərinin aldadılmaq təhlükəsi...

24, 08, 21
19:00

Nəsimi rayonunda tikinti xaosu - Mirqasımov küçəsinin sakinlərinin aldadılmaq təhlükəsi...


Bakı şəhəri, Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində binalar tikmək istəyən “İnvest M. Construction” MMC ərazidə yaşayan sakinlərin kabusuna çevrilib.

Azerbaycanrealligi.com xəbər verir ki, vətəndaşlar onların razılığı olmadan mənzillərinin boşaldılması tələbinin qanunsuzluğundan, gələcəkdə aldadılacaqlarından və ərazidəki böyük yaşıllığın məhvindən narahatdırlar.
 Nəsimi rayonunda tikinti xaosu - Mirqasımov küçəsinin sakinlərinin aldadılmaq təhlükəsi...
Redaksiyamıza müraciət edən vətəndaşlar bildirir ki, əgər burada nəzərdə tutulan tikinti reallaşarsa, 42 saylı orta məktəb də gün işığına həsrət qalacaq, “mühasirəyə” düşəcək. Məsələnin qəribə tərəfi odur ki, tikinti şirkəti əksər sakinlərlə razılaşmadan, onlarla müqavilə bağlamadan, kompensasiya ödəmədən, yalnız quru vədlər verməklə Mirqasımov küçəsindəki binanı sökmək üçün israr edib.

Ancaq bunun qanunsuz olmasını məhkəmə də təsdiq edib və “İnvest M. Construction”a burada hər hansı söküntü, köçürülmə, kommunikasiya xətlərinin sökülməsi işlərinin aparılmasını qadağan edib. Belə ki, vətəndaşlar onların razılığı olmadan və qanunsuz şəkildə mənzillərindən çıxarılmasına etiraz edərək, Bakı İnzibati Məhkəməsinə müraciət ediblər.
Nəsimi rayonunda tikinti xaosu - Mirqasımov küçəsinin sakinlərinin aldadılmaq təhlükəsi...
Onlar bildiriblər ki, “İnvest M. Construction” MMC bugünədək tikinti işləri ilə məşğul olmayıb, nizamnamə kapitalı cəmi 100 manat olan, xidmət MMC kimi tanınan bir şirkətdir. Sakinlər əmin deyil ki, MMC başladığı layihəni icra edib sona çatdıra biləcək. Çünki bu ətrafda 500-dən çox sakin var, onların hamısını evlə, kompensasiya ilə təmin edə bilmək bir şirkətin həll edə biləcəyi iş deyil. Məsələn, təkcə Mirqasımov 4 ünvandakı binada 170 mənzil var.

MMC-nin isə nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Nəsimi Rayon icra hakimiyyəti ilə tikintinin deyilən vaxtda yekunlaşacağına dair müqavilə var. Şirkət sadəcə yuxarıda qeyd edilən ərazilərdə - 1,55 hektar ərazidə tikinti aparmağa razılıq alıb. Mirqasımovda yaşayan sakinlər isə deyir ki, MMC sakinlərdə xof yaratmaq üçün ərazidə bir neçə yaşayış olmayan mənzilin sahibləri ilə gizli danışıqlara gedərək, söküntü görüntüsünü yaratmaq məqsədi ilə həmin evlərin qapı-pəncərələrini söküb.
Nəsimi rayonunda tikinti xaosu - Mirqasımov küçəsinin sakinlərinin aldadılmaq təhlükəsi...
Bununla sakinlərdə belə fikir formalaşdırmaq istəyiblər ki, guya artıq hər yerdən razılıqları var, sakinlər çıxmasa, binadan zorla çıxarılacaqlar. Ancaq məhkəmə 9 iyul 2021-ci il tarixdə şirkətə yasaq qoyub, sakinlərlə razılaşma olmadan söküntünü aparılmasını qadağan edib.

Məhkəmənin qərardadında yazılır:

“Bakı şəhəri, Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov küçəsi ev 4 ünvanında yerləşən yaşayış binasında hər hansı tikinti-quraşdırma işlərinin, o cümlədən ərazidə tikintiyə hazırlıq işlərinin aparılması, yaşayış binasında köçürülmüş mənzillərin sökülməsi, binaya daxil olan kommunikasiya sistemlərinin sıradan çıxarılması, “İnvest M. Construction” MMC-yə qadağan edilsin.

Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının tikintisi məqsədi ilə torpaq sahəsinin icarə əsasında “İnvest M. Construction” MMC-nin istifadəsinə verilməsi haqqında” 274 saylı 18.02.2020- ci il tarixli sərəncamının icrası həmin hissədə dayandırılsın”.

Sakinlər deyir ki, onları narahat edən əsas iki məsələdir:

1. Tikinti şirkətinin gələcəkdə onların evlə təmin ediləcəyi vədinə inanmırlar, odur ki, mülklərinin dəyərinin tam olaraq ödənilmədiyi, kompensasiya verilmədiyi, yaxud eyni dəyərdə mənzillə qanuni əsaslarla təmin edilmədikləri halda mənzillərini tərk etməyəcəklər. Məsələ ondadır ki, məhkəmə məhz bu əsasla tikintinin dayandırılmasına dair qərardad çıxarıb. Bundan sonra şirkət onlara kompensasiyanı ödəyərsə, mülkiyyətçilərin razılığı əsasında tikinti davam edə bilər, bunun üçün də məhkəmənin yeri qərarı olmalıdır.

2. Həmin ərazidə böyük bir yaşıllıq zolağı var. Sakinlər deyir ki, şirkət həmin ağacları tikintiyə qurban verəcək. Çılpaqlaşan Bakı bu hissədə də oksigensiz qalacaq.

.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq. (Missiya.Az)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın