Elmar Vəliyevə atılan güllənin əsl ünvanı hara olub? – Araşdırma

07, 07, 18
13:19

Elmar Vəliyevə atılan güllənin əsl ünvanı hara olub? – Araşdırma

Bir neçə gündür ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin icra başçısı Elmar Vəliyevə edilən süiqəsd cəhdi ilə bağlı müzakirələr ölkə gündəmini dərindən məşğul edib. Hər şey ondan başladı ki, Azərbaycanda nadir hallarda yaşana biləcək enerji böhranı günü bir dövlət adamına güllə atıldı. Həmin gün ölkədə vəziyyət fərqliydi. Ölkə başçısı İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, bəzi məmurların məsuliyyətsizliyi səbəbindən az qala bütün Azərbaycan qaranlığa qərq olmuşdu. Təbiidir ki, belə günlərdə dövlət qurumlarından, xüsusilə də rayon və böyük şəhərlərin rəhbərlərindən daha həssas olmaları, xalqın problemləri ilə yaxından maraqlanmaları tələb olunurdu. Tələblərə uyğun olaraq, Elmar Vəliyev də iş başındaydı. Deyilənə görə, məlum hadisədən bir necə saat əvvəl yaranmış enerji böhranı ilə bağlı müşavirə keçirib. Sonra isə əhalinin problemləri ilə maraqlanmaq üçün, icra hakimiyyətinin inzibati binasının qabağına çıxmaq istəyirmiş və elə həmin anda da Azərbaycanı silkələyən bir cinayət hadisəsi baş verib. Etiraf edək ki, hadisə baş verəndən dərhal sonra bəzi media orqanları da öz işlərini peşəkarcasına görə bilmədi. Tələm-tələsik Elmar Vəliyevin ölüm xəbərini yaydılar. Tez bir zamanda həmin məlumatın həqiqətə uyğun olmadığı üzə çıxdı. Ağıllı adamları ilk olaraq bu sual düşündürdü: Niyə məhz bu gün? Təsadüfi deyil ki, məhz buna görə də, enerji böhranı və Elmar Vəliyevə edilən sui-qəsd cəhdi ilə bağlı hadisələin arasında çoxsaylı paralellər aparılmağa başladı. Məlumdur ki, enerji böhranının yaratdığı şərait yalnız qaranlıq işlərlə məşğul olan bəzi adamların işinə, fəaliyyətinə yaxşı yaraya bilərdi. Bəllidir ki, qaranlıqdan, təhlükəsizlik kameralarının işləməməsindən istifadə etməklə quldurluq, oğurluq hadisələrinə meyl arta bilər və s. Belə hallar eyni zamanda ölkədə xaos, vahimə yaratmaq üçün də münasib sayılır. Hadisələrin sonrakı axarı və əldə olunan məlumatlar onu deməyə əsas verdi ki, həmin gün Yunis Səfərov tərəfində atılan güllələr yalnız Elmar Vəliyev və onun cangüdəninə tuşlanmayıb. Məlum olur ki, həmin güllələrin əsl hədəfi Azərbaycanın dövlət quruluşunu dəyişmək, ölkədə stabilliyi pozmaq olub. İlk anlarda ağır cinayəti törədən şəxslə bağlı ətraflı məlumat yox idi. Sosial şəbəkələrdə onun pasportunun fotosu yayıldı və bundan sonra onun adı və hara vətəndaşı olması ilə bağlı təsəvvür yarandı. Sosial şəbəkələrdə hakimiyyət əleyhinə təbliğatın aparıldığı bir seqmentin olduğu heç kimə sirr deyil. Nə qədər maraqlı olsa da, məhz həmin seqmentin Elmar Vəliyevə edilən sui-qəsdə reaksiyası aqresiv oldu. Bu aqresiyanın hədəfi isə cinayəti törədən şəxs deyil, məhz Elmar Vəliyev idi. Hətta vəziyyət o yerə çatdı ki, Yunus Səfərovun “milli qəhrəman” olması ilə bağlı paylaşımlar edildi.

Foto –  Yunis Səfərovun pasportu
Cinayətin üstündən bir gün keçəndən sonra isə “YouTube” kanalında Gəncədə icra başçısına qarşı sui-qəsd törədən Yunis Səfərovun xanımı olduğu iddia edilən bir qadının səs yazısı yayıldı. Orada guya Yunisin xanımı sui-qəsd əməlinin motivini izah edir. Xanım iddia edir ki, Yunis İmam Hüseyn əleyhisəlamın qisasını aldı: “Çünki Elmar dəfələrlə müsəlmanları, İmam Hüseyni təhqir edib. Aşura günü şərab festivalı keçirib”. O deyib ki, Elmar Vəliyev Gəncə sakinlərini, hər kəsi söyüşlərlə təhqir edirdi: “Yunisin Elmar Vəliyevi vurmaq səbəbi budur. Onun Elmarla heç bir şəxsi ədavəti yox idi. Allah ona bütün nemətləri vermişdi. Həm evi var idi, maşını var idi, özü “yurist”lik oxumuşdu. Dünya nemətlərindən bir insanın payına düşəcək hər şeyi var idi. Lakin onun içindəki qeyrəti qoymadı evində rahat otursun. Deyirdi, necə mən evimdə rahat oturum ki, Hacı Taleh 3 körpə uşağından ayrıdır, ona uzun həbs veriblər, necə rahat oturum ki, qardaşlar zindandadır… Elmar Vəliyev dəfələrlə İmam Hüseyn yazılan plakatları cırıb… Qoy hamı bilsin ki, Yunis öz şəxsi məqsədlərinə görə bu işi görməyib, İmam Hüseynin qisasını alıb, Gəncə camaatının hayıfını alıb. Çox qürurluyam, Allaha şükürlər olsun…”.

Foto – Seyid Camal Əzimbəyli
Əslində, məhz bu səs yazısından sonra, bütün qaranlıq mətləblərə aydınlıq gəldi. Bəlli mərkəzlər Azərbaycanda din-dövlət münasibətlərini gərginləşdirmək üçün məhz bu planı hazırlayıblar və Elmar Vəliyev burada yalnız hədəfə çatmaq üçün vasitə kimi seçilib. Tanınmış şərqşünas Seyid Camal Əzimbəyli hesab edir ki, bu olduqca təhlükəli və zərərli bir tendensiyadan xəbər verir: “Baş vermiş hadisəyə dini rəng vermək Azərbaycanda din-dövlət münasibətlərini korlamağa yönəlib. Hiss edilir ki, bu çox yüksək peşəkarlıqla, düşünülmüş şəkildə atılan bir addımdır. Hətta mən bunu Azərbaycanı istəməyən ölkələrin kəşfiyyat qurumlarının işi də sayıram. Bunu mən çox böyük və dərin ehtimalla söyləyirəm. Ola bilər ki, icra başçısından kimsə narazıdır, ancaq bu heç də belə davranışın ortaya qoyulmasına əsas vermir. Azərbaycan dövlətinin dinə olan münasibəti ortadadır. Son prezident seçkilərindən bir gün sonra ölkə başçısının ilk getdiyi yer yeni açılan “Hacı Cavad” məscidi oldu. Bu faktın özü dövlətimizin dinə olan münasibətini açıq şəkildə büruzə verir. İlham Əliyev birmənalı şəkildə dinin keşiyində duran ölkə başçılarındandır. Çox təəssüf edirəm ki, bu məsələdə müqəddəs sayılan adamların adından da istifadə olunur. İmam Hüseynin adını istismar edərək, məsələyə dini don geyindirməyə çalışırlar. Bunu İmam Hüseynin ruhuna olan hörmətsizlik kimi dəyərləndirirəm. Çünki İmam Hüseynin mübarək şəhidlik məktəbindən bəhrələnənlər Mübariz İbrahimov, Fred Asif, Şirin Mirzəyev kimi qəhərəman olublar. Hesab edirəm ki, dindarlar bu məsələdə provokasiyaya getməməlidirlər. Artıq hüquq-mühafizə orqanları tərəfindən yayılan rəsmi məlumatdan da görünür ki, burada məqsəd ölkənin konstitusion quruluşunu zorla dəyişmək olub. Bu baxımdan da dindarlarımızı ehtiyatlı davranmağa çağırıram. Çünki İslam terroru qəbul etmir. Bu bir terror əməlidir”.

Foto-Şahmar Əliyev
Qeyd edək ki, Elmar Vəliyevin qardaşları da ölkədə tanınmış şəxslərdi və dövlətçiliyə sadiqliyi ilə seçilirlər. Məhz bunun nəticəsidir ki, onlar ölkədə ən etibarlı və yüksək postlara qədər yüksələ biliblər. İcra başçısı ilə bağlı yaşanan olaya ilk sərt reaksiyanı Şahmar Vəliyev verdi:
“Söz tapmıram danışmağa, Elmara güllə atanı “milli qəhrəman” elədilər. Bunu edənlər ermənidir, Elmara güllə atan da ermənidir. Bunun başqa adı yoxdur. Elmara atılan güllə dövlətə atılıb. İnsanlar isə buna sevinir. Bəzi jurnalistlərin yazdıqlarını oxuyanda adam dəhşətə gəlir.Bu insanları düşündürməli olan bir hadisədir. Çünki, dövlətin məmuruna güllə atılıb. Amma bəzi “ermənilər” bunu başqa cür qiymətləndirib, cinayətkarı qəhrəman elədilər”.
Göründüyü kimi, yaşanan hadisənin ağır stresi fonunda verilən impulsiv reaksiyada Elmar Vəliyevin qardaşı seçilən hədəfi düz göstərib. Hüquq- mühafizə orqanlarının yaydığı birgə bəyanatla onun “Elmara atılan güllə dövlətə atılıb” cümləsi tam üst-üstə düşdü. Hüquq- mühafizə orqanlarının yaydığı bəyanatdan sitat: “…Araşdırmalar göstərib ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. O, bu məqsədini həyata keçirmək üçün “Müsəlman birliyi hərəkatı” adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərib və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tuacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutub”.

Foto-Yunis Səfərov
Diqqət çəkən məqamlardan biri də, terroru törədən şəxsin şəxsiyyətilə bağlıdır. Bəzi dairələrin “milli qəhrəman” düzəltməyə cəhd etdiyi şəxsin bundan əvvəlki davranışlarında da kriminal, radikal dindarlara xas olan elementlər özünü biruzə verir. Təsadüfi deyil ki, onun bundan əvvəl də törətdiyi cinayətlərdəki hədəfi məhz polis işçiləri olub. Bunun da səbəbi bəllidir. Bu tip insanlara məhz dövlət qulluqçularına nifrət aşılanır. Yunis Səfərovun kriminal keçmişinə nəzər saldıqda məlum olur ki, o, 2016-cı ildə İrana gedərək 8 ay Qum şəhərində yaşayıb və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib. 2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlib, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün «Kapitalbank»ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək «Makarov» markalı xidməti tapançasını ələ keçirib. Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləyib, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralyıb hadisə yerindən qaçıb.
Belə nəticəyə gəlinir ki, bu cinayətin güya Elmar Vəliyevin Gəncədə kimlərinsə xoşuna gəlməyən davranışları ucbatından törədilməsi tam istisna edilir. Azərbaycan tarixində dövlət məmurlarına qarşı törədilən terror aktları bundan əvvəl də olub. Onları araşdırdıqda məlum olur ki, həmin terrorlarda qurbanlar törətdiyi əməllərə görə deyil, daha çox siyasi təzyiq vasitəsi olaraq hədəf seçilir. Yəni bu yolla dövləti şantaj edirlər. Xalq arasında nüfuzu çox olan, tanınmış adamların bu hədəfə tuş gəlməsi hadisənin yaradacağı ajiotajın effekti baxımından müəyyən edilir. Hesab edirik Elmar Vəliyev də məhz bu amillərə görə hədəf seçilib. Hanssa rəhbər işçi ilə bağlı münasibət birmənalı olmaya bilər. Məmur pul deyil ki, hamı onu sevsin. Amma baş verən cinayət işində terrorçuya haqq qazandıranlar bilsinlər ki, sabah həmin hədəfə onların da yaxınları, doğmaları tuş gələ bilər. Terror elə bir bəladır ki, ondan heç kim sığortalanmayıb. Götürək ki, Elmar Vəliyevin fəaliyyətindən hansısa narazılıq olub. Terrorçunu dəstəkləyənlərin məntiqi ilə yanaşsaq, onda gərək hansı məmurdan narazılıq varsa onu gülələsinlər? Tamamilə zərərli və dövlətçiliyimiz üçün təhdid elemntlərini özündə cəmləyən bir yanaşmadır. Qeyd edək ki, Elmar Vəliyevin dövlət qulluğundakı fəaliyyətini təqdir edənlər də az deyil. Xüsusilə də, onun Gəncə və Yevlaxda işlədiyi dönəmlərdə böyük quruculuq işləri apardığı təqdir olunur.

Foto-İbrahim Cəfərov
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov hesab edir ki, Elmar Vəliyev Gəncə üçün misilsiz xidmətlər göstərmiş bir dövlət xadimidir: “O, Azərbaycan dövlətinin inkişafı, onun dünyada tanınması üçün əlindən gələni əsirgəməyib. Onun Gəncəyə rəhbərlik etdiyi 7 il ərzində şəhərin inkişafında, quruculuğunda apardığı siyasət doğrudan da alqışa layiqdir. Gəncə ictimaiyyəti və şəhərin ziyalıları da onun xidmətlərini görür və hər zaman qiymətləndiriblər. Elmar Vəliyev işlədiyi dövrdə sıradan bir icra başçısı olmadığını, hətta çoxlarına mümkünsüz görünən işləri həyata keçirməyə qadir güclü məmur olduğunu isbat edə bilib. Ömrünün 40 ilini Gəncədə yaşamış bir şəxs olaraq birmənalı olaraq qeyd edə bilərəm ki, Elmar Vəliyev bir çox uğurlu layihələri gerçəklşdirməklə sözün yaxşı mənasında hamını heyrətləndirməyi bacarıb. Onun Gəncə üçün çox böyük işlər gördüyünü danmaq nankorluq və millətimizin qədirbilənlik ənənələrinin danılması demək olardı. Təkcə onun qısa müddətdə tikilib istifadəyə verilmsi üçün az qala hər gün bir neçə dəfə tikinti meydançasına baş çəkdiyi Heydər Əliyev bağ-park kompleksi təkcə gəncəliləri deyil, şəhərin yerli və xarici qonaqlarını da heyrətləndirməkdədir. Bu gün on minlərlə gəncəli və şəhərimizin qonaqları böyük ehtiram və minnətdarlıqla həmin möhtəşəm parkda istirahət edirlər. Mən özüm də Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olaraq bir çox ölkədən gələn qonaqlarımızı həmin parkla tanış edəndə onlar təəccüb və heyrətlərini gizlədə bilməyiblər ki, dünyanın ən möhtəşəm parklarınddan biri məhz Azərbaycanının ikinci paytaxtı hesab olunan Gəncədədir. Cənab prezident İlham Əliyevin özü də həmin park komleksinin açılışında onu bir möcüzə adlandırmışdı. Məhz Elmar Vəliyevin yorulmaz fəaliyyəti nəticəsində Gəncə qapıları kimi möhtəşəm bir iş ərsəyə gətirildi, Gəncənin keçmiş şöhrətini özündə əks etdirən digər möhtəşəm layihələr həyata keçirildi. Onun xidmətləri sayəsində dahi Nizami Gəncəvinin adı bir daha dillər əzbəri oldu, onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra uğurlu beynəlxalq layihələr həyata keçirildi. Cümhuriyyətimizin 100 illiyi ərəfəsində Cümhuriyyət muzeyinin fəaliyyətə başlaması üçün yorulmadan çalışması əslində Elmar Vəliyevin dövlətçilik şüurunun necə yüksəkdə dayandığının sübutudur. Məhz onun danılmaz xidmətləri sayəsində bu gün Gəncə dünyanın ən gözəl şəhərləri ilə rəqabət aparacaq libasa bürünüb. Sovetlərdən qalma minlərlə evlərin, binaların fasadı, dam örtüyü yenilənib, gözqamaşdıran yeni binalar tikilərək gəncəlilərin istifadəsinə verilib. Mən özüm dəfələrlə Elmar Vəliyevin qəbullarında iştirak edən bir insan kimi tam əminliklə deyirəm ki, o Qarabağ Qazilərinin, Şəhid ailələrinin, aztəminatlı ailədən olan vətəndaşlarımızın problemlərinə, qayğılarına necə həssaslıqla yanaşıb. Bu gün mətbuatdan oxuyuram ki, Gəncə ziyalıları niyə baş vermiş olaya münasibət bildirmirlər? Əslində Gəncə ziyalıları niyə məsələyə münasibət bildirməyə tələsmədilər? Çünki Elmar Vəliyevə qarşı sui-qəsdə haqq qazandıranların çoxu bu və ya digər səbəbdən ölkəni tərk edib qaçıb getmiş, dini-məzhəbi naməlum, keçmişi qaranlıq adamlardı. Ana-bacılarını, ailə üzvlərini taleyin ümidinə buraxıb xarici ölkələrdə Azərbaycana qarşı kampaniya aparanlardan hansı ləyaqət və mənəviyyat gözləmək olar ki, onlara cavab verilsin? Gəncə ziyalıları Elmar Vəliyevə qarşı bu alçaq terrroru lənətlə qınayırlar və dövlətimizin gücünə, dövlət başçımızın sarrsılmaz iradəsinə və dövlətçilik təcrübəsinə arxalanaraq bu cinayətin günahkarlarının ədalət mühakiməsi qarşısında dayanacağına əmindirlər. Gəncə ziyalıları hər zaman dövlətin, dövlətçilyin yanında olublaar və heç şübhə etmirik ki, tezliklə ölkəmizin ikinci paytaxtında, gözəl Gəncəmizdə yaşanan bu gərginliklər arxada qalacaq, şəhər özünün rahat və sakit həyatına davam edəcək. Yaman günün ömrü az olar deyiblər, ata-babalarımız. Allah millətimizə, məmləkətimizə, dövlətimizə yaman gün göstərməsin”.

Foto-Elmar Vəliyev
Yevlax sakini Qiyas Quliyevin sözlərinə görə, Yevlaxa olan sonsuz sevgisi Elmar Vəliyevi həmyerlilərinə daima sevdirib: “ Onun əməyi sayəsində Yevlax dövlət başçısının dediyi kimi, Avropanın ən inkişaf etmiş şəhərlərindən birinə çevrildi. Onun Gəncədə həyata keçirdiyi işlərin də miqyası kifayət qədər böyükdür. İndi bu Vətən üçün heç bir fəaliyyəti olmayan insanlar buna məqam deyib ağızlarına gələn hədyanları danışır, yazırlar. Belə miskinlərə azərbaycanlı deməyə utanıram. Bulanıq suda balıq tutmaq iddiasında olanlar, dayanın, durun, vicdanınızın səsinə qulaq asın. Bu məmləkət, bu dövlət, bu xalq üçün edilən fədakarlıqları qiymətləndirməyi bacarmırsınızsa, ən yaxşı halda susun. Müstəqillik yaşı çox az olan ölkəmizi istəməyənlərin, inkişafımızı gözü götürməyənlərin dəyirmanına su tökməyin. Elmar Vəliyev bir Azərbaycansevər, dövlətçil insandır, ona sağlamlığına tezliklə qovuşmasını və gərəkli fəaliyyətini davam etdirməsini arzulayırıq”.

Foto-Gülüstan Əliyeva və Elmar Vəliyev
Tanınmış xanəndə Gülüstan Əliyeva da Elmar Vəliyev barədə xoş sözlər deyib: “ Vətənimin, torpağımın qeyrətli oğlu, Allah sizi qorusun. Həmişə xoş sədanızı eşidək. Qoy düşmənləriniz xar olsun. Böyük şəxsiyyətlər, böyük hadisələr yaradır”.
M.Mirzəyev,
Azinforum.az

Bizimlə əlaqə saxlayın