Atışmalar gah Kəlbəcərdə, gah Qubadlıda, gah da Gədəbəydə olacaq...

24, 07, 21
17:00

Atışmalar gah Kəlbəcərdə, gah Qubadlıda, gah da Gədəbəydə olacaq...


Müharibədəki məğlubiyyət Ermənistan ordusuna hələ də dərs olmur. Düşmənin təxribat xarakterli addımları bu gün də davam edir. Ötən gün Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutması da buna bir nümunədir. Görünür, Azərbaycanın sülh müqaviləsi təklif etdiyi bir vaxtda Ermənistan müharibə çağırışı edərək ikinci dəfə öz “nəsibini” almağa çalışır.

Azerbaycanrealligi.com xəbər verir ki, Məsələ ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov düşmən tərəfindən atəşkəsin pozulmasının gözlənilən olduğunu bildirib:

“Düzdür, düşmənin işğalçı qüvvələrini darmadağın edib öz yuvalarına kimi qovmuşuq, qələbə qazanmışıq, ancaq düşmən elə düşməndir, onların Azərbaycana qarşı hansısa dostluq münasibətindən söhbət gedə bilməz. Biz öz dövlət sərhədimizi düşmənlə qururuq və Ermənistan hazırda Azərbaycanın dövlət sərhədini qurmasını istəmir. 

Həmçinin onlar sülh müqaviləsini də bağlamırlar. Təbii ki, orada buna həm xaricdən, həm daxildən mane olan qüvvələr var.  Çünki sülh müqaviləsi bağlanandan sonra müəyyən şərtlər ortaya çıxacaq, axı Azərbaycanın ərazisi işğal dövründə talan olunub, vandalizm aktı var, bu məsələlər isə beynəlxalq hüquqa uyğun olaraq müəyyən tələblər ortaya çıxaracaq. 

Başqa bir məsələ də var ki, seçki qurtarsa da, bu gün Ermənistan hakimiyyəti müstəqil deyil. Onlar onları hakimiyyətə gətirən güclərin həmişə nökəri olublar, indi də hakimiyyətə hansı qüvvə gəlməyindən asılı olmayaraq yenə sifarişlər yerinə yetiriləcək”.

Hərbi ekspert Azərbaycanın haqq işinə beynəlxalq qurumların və böyük dövlətlərin münasibətinin birmənalı olmamasına da diqqət çəkib:

“Şuşaya gələn diplomat korpusuna Minsk qrupunun həmsədr dövlətlərinin səfirlərinin qatılmamasını Azərbaycanın qələbəsinə həmin dövlətlərin münasibət bildirməsi kimi qəbul etməliyik. Tarix özü göstərdi ki, biz Minsk qrupunun nazı ilə oturub-dursaydıq, yenə bir 30 il torpaqlarımız işğal altında olacaqdı. Amma bu gün Azərbaycan dövlət sərhədini 1976-cı ildə tərtib olunan xəritələr əsasında qurur, proses sonadək davam edəcək, bu məsələdə heç bir qüvvə Azərbaycana mane ola bilməz. 

Atışmalar isə gah Kəlbəcərdə, gah Qubadlıda, gah da Gədəbəydə ara-sıra olacaq. Çünki Ermənistanla dövlət sərhədində atəşkəsin pozulması gözlənilən haldır. Sadəcə biz də bu səbəblə ayıq-sayıq olmalıyıq, sərhəddə xidmət edən şəxsi heyət qarşısındakının düşmən olduğunu bilməlidir və təhlükəsizliyi gözləməlidir. 

Bizim sülh müqaviləmiz yoxdur, filmlərdəki kimi açıq-aydın gəzərək sərhəd qoruma xidməti apara bilmərik. Biz səngər prinsipindən irəli gələrək təhlükəsizliyimizi qorumalıyıq. Bəli, düşmənin silahı məhz azərbaycan tərəfə tuşlanıb. Ancaq bu döyüş bölgəsi, əvvəl işğal olunmuş təmas xətti deyil ki, biz gedib həmin istiqamətdə postu darmadağın edək. Hərbçilərimiz sadəcə durduğumuz yerdən cavab atəşi açmaqla həmən atəş açılan nöqtəni susdurmalıdır. Sonra isə diplomatik yanaşma əks olunacaq”.

Şair Ramaldanov Kəlbəcərdəki hadisəyə Azərbaycanın səssiz qalmayacağını vurğulayıb:

“Azərbaycanın müvafiq orqanları lazım gələrsə, beynəlxalq səviyyədə məsələni araşdıracaq. İki dövlət arasında isə Rusiya  burada vasitəçilik edir, biz bilirik ki, Ermənistan sərhədinə Rusiya cavabdehdir. Təbii ki, indi araşdırma gedir, kimlər tərəfindən hansı şəraitdə atəşin açıldığı öyrəniləcək. Ancaq dediyim kimi, dövlət sərhədində başqa vəziyyətdir, orada sərhədi adlayıb hansısa qisas ala bilməzsən. 

Ona görə də Azərbaycan Silahlı Qüvvələri sərhədboyu vəziyyəti nəzarət altında saxlayır və öz sərhədini qurmağa davam edir. Hazırda həm şəxsi heyətin yerləşməsi, həm qışa hazırlıq, həm təhlükəsizlik təminatı ilə bağlı böyük işlər gedir. İlham Əliyevin “dəmir yumruq”un təxribatın qarşısını almağa hazır olduğunu bəyan edib. Azərbaycanın ərazi bütövlüyünə qəsd kimi təxribat xarakterli hər hansısa addım atılsa, Azərbaycan heç nə gözləməyəcək. “Dəmir yumruq” gücünü bir daha bizim düşmənlərimizə göstərəcək”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın