Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev: Üç ildə avtomobillərinə 3 milyon manat xərcləyib - İLGİNC FAKT

04, 07, 21
11:00

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev: Üç ildə avtomobillərinə 3 milyon manat xərcləyib - İLGİNC FAKT

Blogger Mehman Hüseynov məmurların bahalı həyatları, milyonluq avtomobil kolleksiyaları ilə bağlı araşdırmaları davam edir. Bloggerin növbəti “qurbanı” Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevdir.

Qeyd edək ki, Adil Vəliyevin aylıq əmək haqqısı 1000 manatdır. O, bu vəzifəyə təyinat almazdan öncə isə “Porshe Azərbaycan”ın rəhbəri olub.

Mehman Hüseynov yazır ki, Vəliyevlər ailəsinin də digər məmurlar kimi, avtomobil nömrələrinə xüsusi həssaslığı var və onlar da özləri üçün dövlət nömrə nişanı seçiblər. Bu rəqəmlər isə 0,7, 8-dən ibarətdir.

O bildirir ki, Adil Vəliyev 2012-ci ildən icra başçısıdır. Həmin müddətdən bəri onun və ailə üzvlərinin olduqca bahalı maşın kolleksiyası var. Bu kolleksiyaya daxil olan və ona məlum olan avtomobillərin dəyəri isə 3 milyon manat civarındadır. Hüseynov həmin avtomobilləri təqdim edir:

– Adil Vəliyevin xidməti maşın “AUDİ A8”, dövlət nömrə nişanı 10-AA-818-dir.

– İcra başçısının şəxsi maşını 10-AA-078 nömrə nişanlı “Porsche Panamera Turbo”dur ki, qiyməti 200.000 manatdır.

– Adil Vəliyevin oğlu Ənvər Vəliyevin maşın qarajına isə daha bahalı avtomobillər daxildir. Hələ 2014-cü ildə oğlu Ənvər qiyməti 250.000 manat olan “PORSCHE 911Turbo S” markalı maşın sürürdü. “Ona məxsus olan 10-YY-078 dövlət qeydiyyat nömrəsi ilə. Fikir verin – 078. 2015-ci ildə oğlu maşınını dəyişir və qiyməti 150.000 manat olan “PORSCHE 911” markall maşın sürür. Ona məxsus olan yeni 10-AL-078 dövlət nömrəsi ilə. Yenə də 0.7.8 rəqəmləri dəyişmir”.

Mehman Hüseynov deyir ki, 2018-ci ildə Ənvər Vəliyev özünə 450.000 manatlıq “Ferrari Berlinetta” alır. Yeni maşının yeni nömrəsi var – 10-FF-078. “2021-ci ildə biz icra başçısının oğlunu Bakıya təzə gətirilmiş, qiyməti 500.000 AZN olan “FERRARi Berlinetta F12”də görürük. Və bu dəfə də yeni maşın yeni nömrə ilə 10-OO-078-dir”.

Həmin araşdırmaya görə, icra başçısının oğlu Ənvər Vəliyev bu illər ərzində özünə 4 müxtəlif maşın alıb. “Təkcə oğlu maşınlara xərclədiyi pul 1.350.000 manat edir və üstəgəl atasının 200.000 manatlıq “PORSCHE” markalı şəxsi maşın. Bu da cəmi 1.550.000 manat deməkdir”.

Amma məsələ bununıla da bitməyib. Mehman Hüseynov Adil Vəliyevin digər ailə üzvlərinin də idarə etdikləri avtomobillərlə bağlı araşdırma aparıb. Onun sözlərinə görə, qohumların xoşladığı dövlət nömrə nişanı isə 90 HH 900-dür. “2014-cü ildə icra başçısının ailəsinə məxsus olan 90-HH-900 nömrəsi, qiyməti 200.000 manat olan “PORSCHE Panamera Turbo” markalı maşının üstündə olub. 2016-cı ildə icra başçısının ailə üzvləri artıq özlərinə yeni maşın almışdılar. Onlara məxsus olan 90-HH-900 nömrə, qiyməti 400.000 manat olan “PORCHE Cayenne Mansory” markalı maşının üstündə olub. Və nəhayət 2017-ci ildə icra başçısının ailə üzvlərini biz yeni maşında görürük. Onlara məxsus olan 90-HH-900 nömrəsi, qiyməti 360.000 manat olan PORSCHE Cayenne Turbo markalı maşının üstündə olur”.

Bu isə o deməkdir ki, Vəliyevlər 3 il ərazində 3 ədəd yeni avtomobil almaqla yanaşı, buna 1 milyon manat pul xərcləyiblər.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın