Fulya Öztürkə sahib çıxan Azərbaycan cəmiyyəti öz ‘’dəcəllər’’inin dərsini verdi – kimlərdir onlar?

21, 06, 21
19:30

Fulya Öztürkə sahib çıxan Azərbaycan cəmiyyəti öz ‘’dəcəllər’’inin dərsini verdi – kimlərdir onlar?


Bu sətirləri yazarkən diqqətimi TRT 1 kanalında efirə gedən “Brüssel-Şuşa xəttində diplomasi nasıl işletildi?” mövzusunda gedən qızğın müzakirələr cəlb etdi. Qardaş ölkənin media mənsubları tanınmış siyasi şərhçilərlə Azərbaycan üçün önəmli olan mövzunu şərh edirdilər. Düzü, paralellik apararkən mənim Fulya mövzusunda yazmağım özümə də xoş olmadı, amma yazmamaq da olmur.

Müzakirələr o qədər uzandı ki, axırda “Fulya” filminin rejissoru Tahir Tahiroviç də “Bu, artıq ssenaristin, yazıçının öz işidir ki, kitabına, ekran işinə hansı adı versin. Mənə elə gəlir ki, bunu müzakirə obyektinə çevirmək bir az gülüncdür”, deyə, əsəbi reaksiya verdi. (Müsahibəni Musavat.com-dan oxuya bilərsiniz-E.P.)

Artıq neçə gündür bu mövzunu saqqız kimi uzadır bəzi soydaşlarımız. Çox deyillər. Amma hətta bir nəfər bu mövqedə olan varsa da, yenə də çoxdur...

Görünür bu səbəbdən də cəmiyyət və sosial medianın Azərbaycan seqmenti olaya ciddi və kəskin reaksiya verdi. Fulya Öztürkə film həsr edilməsinə qarşı çıxanlara elə bir dərs verildi ki... Artlq bəziləri bu ictimai etiraz dalğasına dayana bilməyib, mövqeyini yumşaltmağa, ya da geri çəkilməyə başlayıb. ‘’Biz Fulyanı demirik, problemləri deyirik...’’, rədifli manevrlər məcburi geriçəkilmələrin ideologiyasına çevrilib...

Əslində kimin necə yanaşmasından asılı olmayaraq, bu mövzuda polemikanın davam etdirilməsinin özü belə, yaxşı hal deyil. Dünya dağılmayıb ki. ‘’CNN Türk’’ televiziyasının savaş müxbiri Fulya Öztürk haqqında film çəkilişləri başlayıb. Rejissor demişkən, bu filmdə Fulyanın şəxsi həyatından, uşaqlığından, kimi sevməsindən bəhs olunmur ki...Fülyanın Azərbaycan sevgisi bu filmin ərsəyə gəlməsinə səbəb olub, yetərli deyilmi?!

Müqayisə bəlkə elə də uğurlu olmayacaq. Amma düşmən də olsa, yazaq...Ermənilər İsraildən olan bloger Aleksandr Lapşini Qarabağa neçə dəfə dartıb gətirdilər işğal dövründə? Lapşini qəhrəmana çevirmişdi ermənilər. Səbəb sadəydi, Lapşin qanunsuz olaraq gəlib-getdiyi Qarabağı ermənilərinki sayırdı. Ermənistan Lapşin üçün nələrdən keçməyə hazır idi... “Wargonzo” layihəsinin yaradıcısı Semyon Peqovu xatırlamaq kifayətdir. Erməni cinayətlərinə şərik olan “jurnalistlər” var idi, onlar illər boyunca bu mövqelərindən bəhrələnmişdilər. Erməni diasporu, Ermənistan hökuməti, hətta Xankəndidəki separatçı rejim hər şeyindən keçirdi, təki hansısa xarici jurnalist Qarabağa gəlsin, onların xeyrinə bir yazı yazsın, çəkiliş aparsın. Elə bu günlərdə Rusiyanın “Maçt Tv” kanalının baş redaktoru Tina Kandelaki və kanalın şərhçisi Nobel Arustamyan ətrafında qalmaqala şahid olmadıqmı? Bütün bu nümunələri niyə xatırlatdım: diqqət edək, ermənilər xaricdəki bir jurnalistin səsini, sözünü qazanmaq üçün nələrə əl atırlar, nələrdən keçirlər?

Bizə nə oldu belə?! Təbii ki, “biz” deyərkən hamımızı nəzərdə tutmuram, Fulya Öztürk ətrafında səs-küy yaradan fərdlərədir sözüm. Təbii, hər kəsin öz fikrini azad şəkildə ifadə etmək haqqı var. Amma ortada mənəvi məsələlərin olduğunu da unutmamalıyıq. Burada mənəvi məsələ, dostluq, qardaşlıq münasibətləri haqqdan-hüquqdan da önə keçir. Söhbət Fulya Öztürkdən gedirsə, deməli, müzakirə mövzusu həm də ‘’CNN Türk’’ adlı səsimizi dünyaya duyuran önəmli telekanaldır, bütün Türkiyə mediasıdır; həmçinin şad günümüzdə də, savaşda da yanımızda olan Türkiyədən söhbət gedir.

Fulya Öztürk və digər Türkiyə qəzetçiləri Azərbaycanın dar günündə yanımızda oldular. Həyatlarını riskə atıb, öz peşə borclarını sevə-sevə, bizi düşünərək, hətta tərəfimizi tutaraq yerinə yetirdilər. İndi Fulyanın timsalında onların qəlbini qırsaq, sabah hər hansı dar məqamda o jurnalistlər əskisi qədər yanımızda yer alacaqlarmı, bizdən yana tərəf olacaqlarmı?

Fülya xanım savaş dövrünün önəmli simalarından biridir, çoxlarının ürəyini fəth edib, özünün peşəkarlığı, cəsarəti, xoş siması ilə. Üstəlik, Afrin savaşının iştirakçısıdır, Qarabağ onun ilk ‘’müharibəsi’’ deyil. Bir qadın jurnalist və savaş! Azərbaycandan hansısa həmkarımız – hələ xanım jurnalisti demirəm - Afrin savaşında iştirak etsəydi, Türkiyədə onun əməyi dəyərləndirilsəydi, pis olardımı? Nə fərqi, Öztürk bir gün olub, ya bir ay, qəhrəmanlıq an məsələsidir...
 
Üstəlik, filmin ssenarisi onun həyatını özündə ehtiva etmir, burada tamaşaçı Ermənistanın törətdiyi qətlləri, hərbi cinayətləri, vandalizm əməllərini, dinc insanlarımızın başına gətirilən müsahibətləri görəcək. Ermənistan gecəyarısı Gəncəyə mərmilər yağdırandan sonra xeyli dinc sakin həlak oldu. O dəhşətləri bir neçə kəlmə ilə dünyaya yaymaq lazım gəlsəydi, bəlkə elə Fülya Öztürkün həyəcan içində “'Küçücük bir bebek çıktı. Cansız bedenine dokundum. O kadar kötüydü ki...” sözləri kifayət edərdi. Gecəyarısı Gəncənin darmadağın edilmiş binalarının qalıqları qarşısında qəhər içərisində boğula-boğula deyilmiş bu sözlər özü bir filmə bərabərdir, bir ssenarinin yazılması üçün kifayətdir! O gecə çoxları başımıza gətirilənlərdən ya bixəbər idi, ya da biganə şəkildə seyr edirdi müsibətlərimizi, amma bizə dost olan, Azərbaycana ürəkdən bağlı olan həmkarlarımız hər cür fədakarlığa dözüb beynəlxalq aləmə Ermənistanın cinayətlərini yayırdılar! Kim bilir, bəlkə də dünya səsimizi eşitməsəydi, uşaq qatili olan Ermənistanın müdafiəçiləri üstümüzə sərt şəkildə həmlə edəcəkdilər, bəlkə 1992-ci ilin “907-ci düzəlişi”nə bənzər sanksiyalar da işə salınacaqdı. Etiraf edək ki, Azərbaycan jurnalistikasının səsi heç də yetərli deyildi Vətən Müharibəsinin günlərində. Əgər yerərli olsaydı, Ali Baş Komandan Qarabağ müharibəsinə rəhbərlik etdiyi günlərdə belə, az qala hər gün xarici jurnalistləri qəbul edib, informasiya müharibəsinə də rəhbərliyi öz üzərinə götürməzdi.

Unutmusunuz? Həmin günlərdə Azərbaycan Prezidentindən müsahibə alarkən “Qarabağ sizinçün niyə bu qədər önəmlidir”, sualını səsləndirən erməni aşiqi olan jurnalistlər də üstümüzə hücuma keçirdilər. Belə ağır dönəmdə Fulya kimi jurnalistlər səsimizə səs veriblərsə, onlara dəyər vermək boynumuzun borcudur. Fulya Öztürk Azərbaycanın Qarabağ Savaşında iştirakçı olmuş jurnalistlərin ümumiləşdirilmiş obrazı kimi də təqdim oluna bilər. Amma rejissor da söyləyib ki, 11 belə film olacaq, yəni fədakarlıq etmiş jurnalistlərimizin əməyi unudulmayacaq, dəyərləndiriləcək. Adlar simvolik ola bilər, məsələ burasındadır ki, Mədəniyyət Nazirliyinin maliyyələşdirdiyi film Azərbaycanın haqlı mövqeyinin yayılması məqsədi daşıyır...

Bir neçə ilin söhbətidir. Türkdilli ölkələrin media mənsublarının İstanbulda silsilə tədbirləri keçirilirdi. Bir sıra aparıcı telekanallarda olduq, önəmli məsələlərdən bəhs etdik. Kifayət qədər açıq müzakirələrin gedişində söz alıb həmkarlarımdan gileyimi ifadə etdim: Türkiyə PKK ilə mübarizədə şəhid verəndə Azərbaycan mediası çox həssas münasibət göstərir, hətta manşetlərdən yayır xəbəri. Amma Qarabağda şəhidlər veririk, qardaş ölkənin mətbuatında görmürük bu xəbərləri, söylədim. Anlayışla qarşıladılar, hətta təklif olundu ki, belə xəbərlərin intensiv şəkildə mübadiləsi olsun.

Görün hardan-haraya gəlmişik: iki qardaş dövlət arasında əməkdaşlıq ən yüksək səviyyəyə çatıb, ortaq Media Platforması yaradılıb, Türkiyə jurnalistləri bəzən hətta Azərbaycanla bağlı xəbərlərdə bizi qabaqlayırlar. Və bütün bunlar o həddə qədər inkişaf edib ki, bir Türk qızı haqqında film çəkilir! Azərbaycana ruhu ilə bağlı olan Fülya Öztürk haqqında çəkilən film həmkar(lar)ımızın əməyinin dəyərləndirilməsidir, təbii ki. Heç şübhəsiz, digər jurnalistlərimizin də onsuz da film olan həyatının ssenarisi yazılacaq, savaş jurnalistikasının təmsilçilərinin heç biri unudulmayacaq. Ötən illərdə dərdimiz film dərdi deyildi, ona görə də yaradıcılıq işləri arxa planda qaldı. Amma indi azad Qarabağda bərpa işləri gedir və yaradıcı insanlarımız da öz işlərini zəfərimizə uyğun quracaqlar. İlk filmin qəhrəmanı Fülya oldu, heç şübhəm yoxdur, Azərbaycana dəstək verən digər ölkələrin jurnalistlərinə həsr olunan filmlər də çəkiləcək. Sözsüz ki, Azərbaycandan olan həmkarlarımızın da filmləri yaradılmalıdır və bunu biz özümüz etməliyik.

Unutmayaq, biz öz Vətənimiz uğrunda mübarizə aparırdıq, buna görə qarşılığını gözləmək, umu-küsü etmək bizlərə yaraşmaz...

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın