Heydərovla Mehdiyev üz-üzə... - Nazirin bankı akademikin şirkətini məhkəməyə verdi

17, 06, 21
10:30

Heydərovla Mehdiyev üz-üzə... - Nazirin bankı akademikin şirkətini məhkəməyə verdi


AFB Bank” ASC “Şərq-Qərb” ASC-ni məhkəməyə verib. Məhkəmə çəkişməsinin səbəbi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. HİT.Az xəbər verir ki, artıq iyunun 18-nə hazırlıq iclası təyin edilib. 

Şərq-Qərb” ASC 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlayıb. 2001-ci ildə "Şərq-Qərb” özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətinə çevrilib. Əsas fəaliyyət növü nəşr və çap işləri olan "Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamentivə mətbəə fəaliyyət göstərir. ASC-nin qanuni təmsilçisi Mehdiyev Asəf Mehdiyeviçdir.

Mediada yayılan məlumatlara görə, “Şərq-Qərb” ASC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəzarətindədir. Bu iddia qarşı tərəfdən təkzib olunmayıb. AMEA prezidentinin müəllifi olduğu kitabların əsasən bu ASC tərəfindən nəşr edilməsi də təsadüfi sayılmır.

Bir müddət əvvəl Hesablama Palatasının yaydığı hesabatda qeyd edilirdi ki, “Şərq-Qərb” ASC-nin AMEA-ya 10,4 milyon manat borcu yaranıb. “Həmin ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq, çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 milyon manat məbləğində debitor borcun bağlanılmaması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimalı nəzərə alınaraq Baş Prokurorluğa təqdim edilib”, - hesabatda bildirilir.

“AFB Bank” ASC-yə gəlincə, 2019-cu ilin ilk aylarına qədər bankın əsas səhmdarı “Gilan Holdinq” olub. 7 fevral 2019-cu il tarixdə bankın 55 447 səhminin 70 140 455 AZN-ə Hikmət İsmayılov adlı şəxs tərəfindən alınması ilə bağlı saziş imzalanıb.

Beləliklə, hazırda bankın səhmlərinin 99.64 faizi Hikmət İsmayılovdadır. Bankın daha iki səhmdarı var: Cəmil Muradov və Əkbər Abdullayev. Onların hər biri səhmlərin 0.18 faizinə sahibdir.

Hikmət İsmayılov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. “Gilan Holdinq”in də Fövqəladə Hallar nazirinə məxsus olduğu sirr deyil. Hikmət İsmayılov “AFB Bank”ın səhmlərini alanda bu, bankın Kəmaləddin Heydərovun nəzarətindən çıxarılması kimi qələmə verilmişdi. Əslində isə nazir bankı sadəcə “Gilan Holdinq”in tərkibindən çıxarıb. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın