Vidadi İsayevin bağça “makler”i və “juçok” axtarışı – Bərdənin “Alimpaşası” öz kefində

02, 05, 21
14:00

Vidadi İsayevin bağça “makler”i və “juçok” axtarışı – Bərdənin “Alimpaşası” öz kefində


Şəmkirin icra başçısı Alimpaşa Məmmədov korrupsioner olsa belə, ən azından görüntü naminə şəhid valideynlərinin əlini öpürdü, “Can Laçın” şeirini deyirdi və bununla özü haqda müsbət imic formalaşdırmağa çalışırdı. Hərçənd rüşvətxorun ağına da, qarasına da lənət…

Ancaq Bərdənin “Alimpaşası” olan icra başçısı Vidadi İsayev görüntü və reytinq xatirinə heç yuxarıda sadalanan jestləri belə etməyib, əksinə, mətbuatda yayılan şikayətlərdən məlum olub ki, o, şəhid ailələrinə qarşı qaba, laqeyd münasibəti ilə seçilib.

Dəfələrlə Bərdənin ziyalıları tərəfindən müraciətlər ünvanlanıb, rayon icra başçısı Vidadi İsayevin qara işləri faktlarla göstərilib, di gəl, nə özü hərəkətlərinə son qoyub, nə barəsində ölçü götürülüb.

Bu arxayınlığın nəticəsidir ki, icra başçısı özünü Bərdənin fironu kimi aparır. Bərdə ziyalıları müraciətdə V.İsayevin qədim şəhəri qarış-qarış satmasından, oğluna obyektlər açmasından, mədəniyyət ocağının avadanlıqlarını belə satmasından tutmuş məcburi köçkün, şəhid ailələrinə qarşı kobud münasibətinə qədər qeyd ediblər.

Onların sözlərinə görə, “qara maskalı”ların bir təftişi bəs edər ki, V.İsayevin yol verdiyi özbaşınalıqların Alimpaşa Məmmədovdan da betər olduğu üzə çıxsın.

Əgər Şəmkirin həbs edilən sabiq rəhbəri oğluna 3 milyonluq firmanı 40 manata satıbsa, V.İsayevin oğlu üçün nələr etdiyini Bərdəyə səfər etməklə görmək olar.

Çox maraqlıdır ki, bu bölgədə əksər icra başçıları həbs olunublar – Yevlaxdan Qoca Səmədov, Ağstafadan Nizaməddin Quliyev, Gəncədən Elmar Vəliyev güllələnib, yeri gəlmişkən, Qoca Səmədovla Vəliyev V.İsayevlə qohumluq, yaxın əlaqələri var idi, o cümlədən həmin zonadan Şəmkirin aktyorluqda geri qalmayan başçısı Alimpaşa Məmmədov da tutuldu, ancaq Bərdə ilə bağlı susqunluq müşahidə olunur. Bu sükutun ardınca tufan qopacağını da istisna etmək olmaz və V.İsayevin fəaliyyətinin izlənilməsi mümkün ehtimallardan biridir.

Elə gələn xəbərlərdə iddia edilir ki, ölkədə gedən məmur həbslərindən, korrupsiya ilə mübarizədən əl-ayağa düşən Bərdənin icra başçısı kabinetində “juçok” axtarır. İddialara görə, V.İsayev əyan-əşrəfinə tapşırıb ki, son dərəcə diqqətli olsunlar, bu aralar heç bir qeyri-rəsmi iş görməsinlər. İcra başçısının otağında “juçok” axtarsa da, hər hansı bir fakt aşkarlamadığı, təşviş içində olduğu iddia edilir.

KanalS.az məlumat verir ki, Bərdə ziyalılarının dəfələrlə yaydığı müraciətdə V.İsayevin qanunsuz əməlləri haqda bəhs olunub.

“Məktəb” qəzetində bəyanatla çıxış etmiş ziyalıların sözlərinə görə, V.İsayev Heydər Əliyevə və İlham Əliyevə xəyanət edib. Hətta ziyalılar müraciətdə V.İsayevin həbsini istəyiblər.

Onların dediyinə görə, məhkəmə qərarı olmadan şəhid ailəsinin binası sökdürüb, ailəyə dəyən zərəri ödəməyib: “Söhbət Dilqəmin ailəsindən gedir.

Bərdədə şəhidlər üçün düzəldilmiş şəhidlər guşəsini dağıdıb, şəhidlərin şəkillərini gecə zibilxanada basdırıb. Bərdəli olan yerli kadrları işdən kənarlaşdırmış, ayrı-ayrı rayonlardan özü kimi quldurları Bərdədə vəzifə ilə təmin edib. Siz ziyalıları nadanlardan qoruduğunuz halda, bu cahil Bərdənin şair qızı, Bərdə rayon Təhsil Şöbəsinin müdiri Rəhilə İsmayılovanı çərlədib öldürüb.

Vidadi bərdəliləri saymır; qəbul günündə qəbula gəlmir. Başqa günlərdə müraciət edəni qəbul etmir. Vidadi 2011-ci ilin martından bir dəfə də Bərdənin tanınmış dövlət xadiminin dəfnində iştirak etməyib. Hüzn məclisində beş dəqiqə oturmayıb”.

Bu faktın özü göstərir ki, Alimpaşa Məmmədov heç olmasa belə əməllər sahibi olub. V.İsayev isə rayonu çapıb-talaması azmış kimi, gözə kül üfürmək naminə şəhid ailəsini ziyarət etməkdənsə, bir ziyalının dəfninə qatılmaqdansa, onları saymayıb, qapısından qovub, aşağılayıb.

Elə bir müddət əvvəl şəhid xanımı Yasəmən İsmayılovanı da qəbuldan qovmuşdu, hətta qapısına polis göndərib hədələmişdi. Yəni Bərdə icra başçısından narazılıq digər bölgələrin rəhbərləri ilə müqayisədə beş qat artıqdır.

Ziyalılar məlum müraciətdə onu da deyirlər ki, V.İsayev çoxillik çinarlardan 50-dən çoxunu gecə ilə kəsdirib. Ziyalıların sözlərinə görə, rayonların hamısında 20 Yanvar abidəsi var: “Bərdədəki 20 Yanvar abidəsi bütün rayonlardakından möhtəşəm idi. Vidadi onu gecə sökdürdü və mərmərini, içindəki şveyler, almaturları da gecə Bərdədən çıxartdırdı.

Bərdədə bir Mədəniyyət sarayı vardı. Bu sarayın içərisində 97 göz otaq, idman salonu, tamaşaçılar üçün 1-ci mərtəbədə 1200 (min iki yüz) nəfərlik, ikinci mərtəbədə 500 (beş yüz) nəfərlik tamaşa salonu, hər salonun böyük səhnələri vardı. Salonlarda, iki gözləmə salonunda çox qiymətli çılçıraqlar vardı. Səhnələrdə qiymətli stollar, stullar vardı. Vidadi bir sarayı sökdürəndə əvvəl 97 göz otaq olan qiymətli mebelləri gecələr daşıdıb.

Sarayda bilyard stolu vardır, qiyməti 70.000 (yetmiş min), çilçıraqlar vardı, birinin 80.000 (səksən min), 40.000 (qırx min) manat, bunların da hamısını gecə daşıtmışdır. Doxsan yeddi gözdəki mebelləri daşıdıb.

Böyük Nizami klubu vardı. Vidadi o klubu da sökdürdü və tikdi, materiallarını da, içindəki avadanlıqlarını gecə Bərdədən çıxartdırdı. 9 nömrəki betonzavod vardı. Bu betonzavodda hər növbədə üç min fəhlə işləyirdi. Vidadi bu zavodu da sökdürdü və avadanlıqlarını gecə də daşıtdırdı.

10 mart 2017-ci ildə əmr verib 69 həkimin fəaliyyətini dayandırdı. Bir aydan sonra hər həkimdən beş-on min manat aldı və işlərinə icazə verdi. Bərdədə Vidadinin zülmü Bərdə ziyalılarını boğaza yığıb.

Bərdədə çoxlu sayda sahibkarların mağaza yerlərini (kupçalı ola-ola) dədə malı kimi satıb. Vidadi deyir ki, ay yazıqlar, kimdir xalqın səsini eşidən, görmürsünüz özbaşınalıqdır. Bir də ki, Bərdə mənimdir, nə edərəm özüm bilərəm”

Azerbaycanrealligi.com məlumat verir ki, ümumiyyətlə, Bərdənin icra başçısı Vidadi İsayevin iş kabinetində elə hadisələr, elə həngamələr cərəyan edir ki, həbs edilən sabiq həmkarları onun yanında “toya getməlidir”.

O baxımdan hüquq-mühafizə orqanlarının yüngülvari təftişi və araşdırması kifayət edir ki, V.İsayevin bütün qanunsuz hərəkətləri, rayonda sahibkarların, şəhid ailələrinin, məcburi köçkünlərin, kiçik rütbəli məmurların, icra nümayəndələrinin, bələdiyyə sədrlərinin başına açdığı müsibətlərin üstü açılsın.

Onun əlindən zar-zar ağlayan icra nümayəndələri, toruna düşən məmurlar İH rəhbərinin qeyri-rəsmi  əmrlərindən cana doyublar.
Hətta bir müddət əvvəl İH-də çalışan bir məmurla Vidadi İsayevin qeyri-qanuni işdə saxladığı katibəsi arasında kabinetində saçyolduya çıxıblar.
Başçının kabinetində əlbəyaxanın necə nəticələndiyi bilinməsə də, ümumiyyətlə, V.İsayevin otağında nələr yaşandığını müşahidə etmək üçün “qara maskalı” olanın təşrifi bəs edir.

Bundan əlavə, 44 günlük müharibə dövründə minlərlə insanın ön cəbhəyə göndərdiyi yardım paylarının Bərdə Rayon İcra Hakimiyyəti rəsmiləri tərəfindən hərbçilərə çatdırılacağı vəd edilsə də, həmin yardımların bir hissəsinin ünvanına tam çatdırılmadığı məlum olmuşdu.

Bərdə Ağsaqqallar Şurasının Təftiş Komissiyasının sədri Bəhrəm Nərimanov bildirmişdi ki, Vidadi İsayevin əsgər malını oğurlamasına inanır: “Onun pis əməlləri təkcə bununla bitmir. Vidadi İsayev Bərdəyə icra başçısı təyin olunandan sonra rayonu viran qoyub, bunu bütün ölkə bilir. Axı siz niyə təkcə Vidadi İsayevin əsgər yardımını mənimsəməsi məsələsinin arxasına düşürsünüz? Bu, xırda məsələdir. Vidadi İsayev Bərdənin tarixini xalqımıza unutduran adamdır. O, Bərdədə 20 Yanvar Şəhidlərinin yerini dolduraraq öz qaynına mağaza yeri kimi verib”. İndi bərdəlilər sual edirlər – daha nə olmalıdır ki, V.İsayev vəzifəsindən azad edilsin?!

Bu arada V.İsayev özünə yaxın bir qadını Bərdədə bağçaların birinə müdirə təyin edib. Həmin bağça müdirəsi əslində icra başçısının “makler” işlərini həyata keçirir.

Məlumata görə, digər uşaq bağçalarına rəhbər getmək istəyənlər V.İsayevin adamı olan bağça müdirəsi ilə danışığa getməli, sövdələşməli, sonra məsələ icra başçısına məruzə edilməli, onun “razılığı” alınmalıdır. Bu rüşvət şəbəkəsi haqda növbəti yazılarımızda ətraflı məlumat verəcəyik. (Anaxeber.info)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın