Hüseynbala Mirələmovun məşhur əsərləri - “Ləyaqət”, “Xəcalət”, “Mənəviyyatın ekologiyası”, “Utanc"...

24, 04, 21
10:00

Hüseynbala Mirələmovun məşhur əsərləri - “Ləyaqət”, “Xəcalət”, “Mənəviyyatın ekologiyası”, “Utanc"...


Ahıl yaşında biabırçı videogörüntüləri yayıldıqdan sonra yazıçı-dramaturq, eks-deputat Hüseynbala Mirələmov ADNSU-nun kafedra müdirliyindən və YAP-ın Xətai rayon təşkilatının sədri vəzifəsindən çıxarılıb.

Bir qeyri-etik davranışla 75 ildə qazandığını yerə vuran H.Mirələmov həm vəzifəsini itirdi, həm də cəmiyyətdəki yerini. Şair Moşu Göyəzənli demiş: “şairin bir əlində qələm, bir əlində namus olmalıdır”, amma biz ahıl yaşlı yazıçının tamam başqa bir düşüncədə olduğunun həmin videogörüntüdən şahidi olduq. Məlumatlara görə, H.Mirələmov təmsil olunduğu bütün təşkilatlarla vidalaşmalı olacaq.

H.Mirələmov həm də yazıçı-dramaturq kimi Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Maraqlıdır ki, milli-mənəvi dəyərləri təbliğ edən kitabların, roman və pyeslərin müəllifi olan yazıçının atdığı tərs addım onun gələcək nəsillərə tanıdılmasında bir əngəl olacağına şübhə qalmır. Bu mənada ki, “namusdan, qeyrətdən, milli dəyərlərdən, ailə əxlaqından, yüksək ideallardan bəhs edən əsərlər müəllifi olduğunu gənclərə necə təqdim edəcək” kimi sullar da var.  
 
“Xəcalət”, “Vicdanın hökmü”, “Güllələnmiş heykəllərin fəryadı, “Dağlarda atılan güllə”, “Utanc”, “Mənəviyyatın ekologiyası” və sair əsərlərin müəllifi olan H.Mirələmovun qələmi əsasən “mənəvi dəyərlər”dən yazıb, amma di gəl ki, özü bu yaşında yazdıqlarına sahib ola bilməyib.

H.Mirələmovun vəzifələrindən uzaqlaşdırılması, ona  verilən bu cəzalar kifayətdirmi? Onun yazdıqlarının gələcək taleyi necə olacaq, yaxud necə olmalıdır?

Hüseynbala Mirələmov

Ekspertlər deyirlər ki, ədəbiyyata 1961-cı ildə “Bir tikə çörək” hekayəsi ilə gələn və ilk hekayələr kitabı olan “Tənha durna uçuşu” 1986-cı ildə çap olunan H.Mirələmov ötən müddətdə milli-mənəvi dəyərlərimizin, mənəviyyatımızın və əxlaqımızın ciddi problemlərlə üzləşdiyini bütün təfərrüatları ilə ortaya qoyub, lakin onun bugünkü davranışı yazdıqları ilə daban-dabana ziddiyyət təşkil edir.

Ekspertlərin fikrincə, heç bu kitabları H.Mirələmov özü də yazmayıb, kimlərəsə pul verərək yazdırıb. Əsas yaradıcılığını “namus”, “ləyaqət” üzərində quran yazar cəmiyyətə əks nümunə göstərib.

Onun Milli Akademik Dram Teatrının repertuarında uzun illərdir yer tutan “Xəcalət” povesti pyes halında tamaşaya qoyulanda teatrda ciddi qalmaqal yarandı ki, bu çox zəif materialdır və səhnəyə qoyula bilməz. Məlumatlara görə, “Xəcalət”in dramaturji material səviyyəsinə çatmasında əsərə quruluş verən görkəmli rejissorumuz Bəhram Osmanovun böyük əməyi olub. 

Azerbaycanrealligi.com xəbər verir ki, Filologiya üzrə fəlsəfə doktoru Vüsalə Ağabəyli bildirdi ki, bu kimi məsələlərlə bağlı cəzaların yetərli, yaxud yetərsiz olduğu əsas deyil, əsas olan odur ki, bu kimi insanlar bu şəkildə ifşa olunana qədər cəzalandırılmalı, sıradan çıxarılmalıdırlar. “Son günlərdə gündəm olan bu məsələ ilə bağlı onu demək istəyirəm ki, belə bir məsələnin ifşa edilərək ictimaiyyətə çatdırılmasının özü elə böyük cəzadır. Lakin məsələ ondadır ki, bağlı qapı arxasında bənzər situasiyalar, bənzər proseslər azmı baş verir cəmiyyətdə? Mütləqdirmi ki, bu məsələ kameralara düşüb ifşa olunduqdan sonra cəza tətbiq olunsun? Məsələlər ifşa olunduqdan sonra cəza tədbirləri görməkdənsə, əvvəlcədən ölçü götürmək lazımdır. Doğrudan əvvəlcədən kimin kim olduğunu bilmirlər?   Demək olar ki, onu dəstəkləyən, bu məsələdə həmrəy olanların fikirlərini, rəylərini oxuduqda insan dərk edir ki, cəmiyyətin bəzi təbəqəsi çox rahat şəkildə belə məsələləri qəbul edə bilir, adi baxır. Cəmiyyətə aşılanmalıdır ki, iş prinsipləri şəxsi məsələlər üzərində qurulmamalı, insanların qabiliyyəti, bacarığı ön planda olmalı, iş prinsipləri bacarığa görə qurulmalıdır”.

Vüsalə Ağabəyli 

V.Ağabəyli sual ünvanlayır ki, belə məsələlərə görə həqiqətən də yetərli qədər şəxs cəzalandırılıbmı, cəza alıbmı. “Çünki artıq o ifşa olunub və onun ifşası özü böyük cəzadır”.

V.Ağabəyli yazıçının əsərlərindəki mənəvi dəyərlərin təbliği məsələsi haqda qeyd etdi ki, bəzən “kimdə nə yoxdur, ondan danışır” deyirlər. “Deyirlər ki, kimdə nə yoxdur, ondan yazır. Həqiqətən də bu əsərlər oxunaqlıdırmı, cəmiyyətin hansısa təbəqəsinə təsir göstərə bilirmi, bu cür hadisələr, süjetlər kiməsə maraqlıdır? İnanmıram ki, bu əsərlər yaxın dostlardan, həmkarlardan başqa kimisə maraqlandırsın, yaxud ictimaiyyətə təsir edən əsərlər qüvvəsində olsun. Şəxsən onlarla mən tanış olmamışam, ona görə onların dəyəri haqda heç nə deyə bilmərəm. Onu deyə bilərəm ki, bu hadisə və bu şəxs, sadəcə olaraq, cəmiyyətdə bir çox insanların prototipidir. Düşünürəm ki, gənclik və gələcək nəsillər özü keyfiyyətsiz əsərləri saf-çürük edib, toz basmış rəflərə atacaq” - deyə V.Ağabəyli qeyd etdi.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın