Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı

20, 02, 21
21:00

Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı


Vəzifə səlahiyyətindən, tutduğu postdan dövlət malını talamaq, mənimsəmək üçün istifadə edən məmurların cəzalandırılması prosesi davam edir. Təqdirəlayiq haldır ki, bu proses yalnız vəzifədə olan deyil, sabiq məmurları da əhatə etməyə başlayıb.

Azerbaycanrealligi.com Musavat.com-a istinadən xəbər verir ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan sonra daha hansı məmurların həbs olunacağı hazırda cəmiyyəti düşündürən əsas məsələlərdən birinə çevrilib. Məlumata görə, bir müddət əvvəl daha bir sabiq məmurla bağlı istintaq başladılıb. Söhbət Qaçqınların və Məcburi Köçkünləri işləri üzrə Dövlət Komitəsinin keçmiş sədri, Baş nazirin sabiq müavini Əli Həsənovdan gedir. Onun bir müddət öncə dövlətin müvafiq orqanlarına çağırılaraq saatlarla dindirildiyi bildirilir.

Məlumata görə, qaçqın və məcburi köçkünlərin mənzillə təminatı, kommunal xidmətlərə görə ödənişləri və sair istiqamətlərdə yol verilən korrupsiya hallarının araşdırılması üçün aylar öncə təhqiqat başlanıb. Təhqiqat və araşdırmalar nəticəsində 2 milyard manata yaxın dövlət vəsaiti və xarici yardımların mənimsənilməsinə dair dəlillər aşkarlanıb. Mənbə bildirir ki, Ə.Həsənov bu dəlillərlə bağlı dindirilməyə cəlb olunub. Onun qısa müddətdə 15 milyon manata yaxın vəsaiti geri qaytardığı, lakin istintaqın dayandırılmadığı qeyd olunur.

Qeyd edək ki, qaçqın və məcburi köçkünlərə ev paylanması, onların kommunal xərclərinin qarşılanması sahəsində ciddi problemlərin olduğuna dair ölkə mətbuatı uzun illər dayanmadan faktlar və materiallar dərc edib. Bu məsələ hətta ölkə Prezidenti səviyyəsində qaldırılıb. Belə ki, ötən ilin mayında Kəlbəcər rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsinə yeni təyin olunmuş Azər Qocayevi qəbul edərkən Prezident İlham Əliyev məcburi köçkünlərin təminatları ilə bağlı ciddi problemlərin aşkarlandığını deyib: “Əlbəttə ki, sosial ədalət prinsipləri üstünlük təşkil etməlidir.

Ədalət hər bir sağlam cəmiyyətdə aparıcı ideya, aparıcı tezis olmalıdır. Çünki ədalətsizlik insanları incidir, ədalətsizlik insanlarda inamı qırır Ədalətsizlik nəticə etibarilə böyük problemlərə gətirib çıxarır. Ona görə hər bir sahədə ədalət prinsipi bərqərar olmalıdır. Məsələn, bu il köçkünlərə 8 minə yaxın mənzil veriləcək. Bu mənzillərin verilməsində tam şəffaflıq olmalıdır. Həm Dövlətqaçqınkom və eyni zamanda, yerli icra orqanları burada birgə işləməlidirlər. Köçkünlərin dəqiq uçotu aparılmalıdır. Əfsuslar olsun ki, əvvəlki illərdə bu uçot lazımi səviyyədə aparılmırdı. Belə məlumatlar var ki, bəzən qəsdən aparılmırdı. Çünki dəqiq uçotun olmaması müxtəlif manipulyasiyaya yol açırdı. İndi biz araşdırma, təftiş aparırıq, görürük ki, köçkünlər üçün tikilmiş evlərdə bəzi hallarda heç köçkün statusuna aid olmayan insanlar yaşayır. İndi biz bəzi ictimai binaları boşaldırıq, köçkünləri yeni mənzillərə köçürürük, sonra da görürük ki, - məsələn, bu yaxınlarda mənə məlumat verildi, - bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər. Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır. Belə hallar var. Mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər çox idi. Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır. Ona görə, ilk növbədə, dəqiq uçot aparılmalıdır. Dövlətqaçqınkoma bu məsələ ilə bağlı göstərişlər verilib. Aidiyyəti yerli icra orqanlarının rəhbərliyi bu məsələdə çox diqqətli olmalıdır və bu işlər birgə tənzimlənməlidir”, - dövlət başçısı vurğulayıb.

Audit 2016-2017-ci illər və 2018-ci ilin birinci rübü üzrə ümumilikdə 515 030,8 min manat vəsaiti əhatə edib.

Komitə və onun tabeliyində olan qurumların bəzi əməkdaşlarının dövlət qulluğuna qəbul və onlara ödənilən əmək haqqı xərcləri qanunvericiliyin tələbləri nəzərə alınmadan həyata keçirilib, aparat işçilərinin ezamiyyə və nəqliyyat vasitələrinin yanacaq xərclərində artıq ödənişlərə yol verilib.

Azərbaycan Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən 01.01.2017-ci il tarixdən məcburi köçkünlərin yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə ödənişlər əvəzinə vahid aylıq müavinət müəyyən edilməsi təsbit edilsə də, müavinət almaq hüququ olmayan şəxslər üzrə də kommunal xidmət haqları ödənilib.

Yemək xərci üçün müavinət alan məcburi köçkünlərin adlı siyahıları ilə əraziləri işğal olunan rayonlar üzrə vəfat etmiş şəxslərin adlı siyahılarının üzləşdirilməsi zamanı müəyyən edilmişdir ki, bir sıra hallarda məcburi köçkünün vəfat etdiyi tarixdən sonra müavinət ödənişləri davam etdirilmiş, nəticədə dövlət büdcəsindən artıq müavinət ödənişinə yol veriib. Həmin vəsait müvafiq qaydada Komitə tərəfindən dövlət büdcəsinə bərpa edilib.

Hesablama Palatası tərəfindən Dövlət Komitəsində həyata keçirilmiş əvvəlki, eləcə də hazırkı nəzarət tədbirləri zamanı müəyyən edilmişdir ki, kommunal xidmətlər üzrə adlı siyahılarda məcburi köçkünlərin ad, soyad və ata adları düzgün göstərilməmiş, eyni şəxslərin adları dəfələrlə təkrarlanıb, vəfat etmiş, hərbi xidmətə çağırılmış, uzun müddət ərzində xarici ölkələrə getmiş və güzəştli kommunal xidmət hüququnu itirmiş məcburi köçkünlərin adları siyahılardan tam çıxarılmayıb. Qanunvericilikdə tələb olunmasına baxmayaraq adlı siyahıların dəqiqləşdirilməsi müntəzəm olaraq həyata keçirilməyib.

Seçmə qaydada 7 ali təhsil müəssisəsi üzrə təhsil haqqından azad olmaq üçün təqdim edilmiş məcburi köçkün vəsiqələri barədə məlumatlar Komitənin müvafiq elektron məlumat bazası ilə üzləşdirilərkən 15 tələbənin ad, soyad və ata adları bazada aşkar edilməmiş, Komitə tərəfindən təsdiq edilmiş müvafiq protokollarda isə həmin tələbələrə verilmiş məcburi köçkünlüyü müəyyən edən vəsiqənin daha əvvəl başqa şəxslərə verildiyi öz əksini tapıb.

Hesablama Palatasının Kollegiyası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və tabeliyində olan qurumlar tərəfindən artıqödəmələrin audit dövründə bərpasının nəzərə alınması və yol verilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması, o cümlədən dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinata uyğun xərclənməsinə və kommunal xidmət haqlarının yalnız qanunvericiliklə şamil edilən kontingent üzrə müvafiq normalar həddində ödənilməsinə ciddi nəzarətin təmin edilməsi, məcburi köçkünlərin adlı siyahılarının dəqiqləşdirilməsi, təkrarlanmaların qarşısının alınması, eləcə də dövlət vəsaiti hesabına kommunal xidmət göstərilən kontingentin dəqiq uçotunun aparılması məqsədi ilə vahid informasiya şəbəkəsinin yaradılması, Komitənin strukturuna daxil olan qurumların işçi və texniki ehtiyatları mövcud olduğu halda fiziki və hüquqi şəxslərlə müqavilələr bağlanılması hallarının aradan qaldırılması və lüzumsuz xərclərə yol verilməsinin qarşısının alınması, dövlət büdcəsindən ayrılan vəsaitlərin məqsədyönlü və qənaətli istifadə edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi, verilmiş məcburi köçkün vəsiqələri barədə faktlar üzrə müəyyən edilmiş hüquq pozuntularının ciddiliyini nəzərə alaraq müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.

Göründüyü kimi, Ə.Həsənovun istintaqa cəlb olunması, hətta həbs edilməsi üçün kifayət qədər hüquqi əsaslar var...

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın