Hüquqşünasdan mandatını girov qoyan deputata ittiham: Dəli şeytan yadıma bir söz saldı

20, 01, 21
20:48

Hüquqşünasdan mandatını girov qoyan deputata ittiham: Dəli şeytan yadıma bir söz saldı



Hüquqşünas: Mübariz Məsimoğlu


Artıq mətbuatdan, sosial şəbəkələrdən də məlumdur ki, vaxtı ilə mələk cildinə girərək hətta deputat olmağı bacaran, sonradan deputat mandatını girov qoymaq səviyyəsinə qədər enən Cabrayılov Rafael Kamil oğlu adlı bir vətəndaş  parıltılı nüfuzundan və bir çox vətəndaşın  etibarından sui - istifadə edərək onların hərəsinə bir cür yağlı vədlər verərək külli - miqdarda pullarını mənimsəyib.  Konkret olaraq, Qurbanova Məlahət Moşu qızının 595 min manatnı, Cəfərova Pərinisə Əşrəf qızının 250 min manatını, Nəcəfova Xatirə Kamran qızının 200 min dollarını, Orucov Yusif Məhərrəm oğlunun 200 min dollarını, Kazımova Aynurun 100 min manatını, Məmmədov Bəşir Aslan oğlunun 65 min dollarını, Səfərəliye Allahverdi Əhməd  oğlunun 20 min dollarını, Məmmədova Şəfa Məmməd qızının 40 min dollarını, Fətəliyevə Təranə Rasim qızının 300 min dollarını,  Cəfərova Pərinisə Əşrəf qızının 250 min manatını müxtəlif vədlər altında 2014 – cü ildən başlayaraq 2019 – cu ilə kimi müxtəlif zaman və məkanlarda hissə - hissə məmimsəmişdir. Çox saylı sübutlar, səs yazıları, etiraflar, dəfələrlə söz verib sözün üstündə durmamalar var ortalıqda. Cinayət hadisəsini baş verməsi aksiomadır. Onu teorem kimi həll etməyə heç bir ehtiyac yoxdur.

Bu vətəndaşların  şikayət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cəbrayılov Rafael Kamil oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsini 178. 3. 2 – ci maddəsilə cinayət işi açılmışdır. Lakin cinayət işi artıq 7 aydan yuxarıdır yerində sayır. Hansısa gizli əl və ya hansısa maraqlar Cəbrayılovu çox möhtəşəm şəkildə mühafizə edir. Müstəntiq Ceyhun Rzayev bu vətəndaşların  çoxsaylı müraciətlərinə, zənglələrinə məhəl qoymur. O, cinayət işini müxtəlif bəhanələrlə uzadır. Gah deyir başım ağrıyır, gah deyir koronavirusa yoluxmuşam, gah deyir Qazaxdayam, gah da deyir Naxçıvandayam. Bu 7 ay müddətində bu cənab müstəntiq  bu binavaları hələ bir dəfə düz əməlli dindirməyib. Hətta hələ də onların zərərçəkən olub- olmamasını  müəyyənləşdirməyib.Yəni heç bir istintaq hərəkəti aparmayıb. Hiss olunan odur ki, aparmaq fikrində də deyil.

Bu vətəndaşlar  yağışdan çıxıb yağmura düşüblər. İndi Rəfail Cəbrayılaov adlı dərdlərinin üstünə müstəntiq Ceyhun Rzayev adlı bir dərd də əlavə olunub. Bu vətəndaşlar indi  aşağıdan yuxarı bütün instansiyalara Ceyhun Rzayevdən şikayət etməklə məşğuldurlar. İstədikləri də o qədər böyük bir şey deyil. Deyirlər ki, bu Ceyhunun başı ağrıyirsa, arada bir koronavirusa yoluxursa, gah Qazaxda, gah da Naxçıvanda olursa onu çox incitməyin bizim işimizi ondan alıb başqa müstəntiqə verin.  Bu şikayətlərin də hələlik  bir faydası yoxdur.

Nə isə, indi mən bunları yaza – yaza dəli şeytan qəfildən yadıma başqa bir məsələni saldı. Hərdən bir dəli şeytanın da sözünə qulaq asmaq lazımdır.Mətbuatdan, sosial şəbəkələrdən indi dəli şeytan tərəfindən yadıma salınan məsələ də hamıya məlumdur. Niyaməddin Əhmədov adlı bir cəbhəçini 9 aydır ki, heç nəyin üstündə tutub salıblar zindana. Nə vəkililə görüşdürürlər, nə də ailəsilə danışmasına imkan yaradırlar. Onun işini də  baş prokurorluğun başqa bir müstəntiqi aparır. Onun da adı Ceyhundur. Amma yuxarıda qeyd etdiyim Ceyhun deyil. Soyadı Mədətovdur. Amma Mədətovun iş əmsalı Rzayevin iş əmsalından min dəfə artıqdır. Həftə səkkiz, mən doqquz bir ucdan cəbhəçiləri çağırıb beş – altı saat dindirməklə məğuldur. Deyilənə görə pis adamda deyil. Hə, yeri gəlmişkən onu da deyim ki, bizimkilər Qərbi həmişə ikili standartlarına görə asıb kəsirlər. 

Amma özləri burada ikili standartı göz bəbəyi kimi qoruyub saxlayırlar. Bu ikili standartları yoluna qoymaq üçün indi baş prokurora belə bir xahişlə müraciət edirəm. Heç olmasa, pulu mənimsəlinən vətəndaşların işini Rzayevdən alıb Mədətova, cəbhəçilərin işini Mədətovdan alıb Rzayevə verilməsinə imkanı daxilində göstəriş versin. Beləliklə də, biz Qərbi ikili standartına görə arxayıncasına yıxıb sürüyə bilək.

Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın