“Ay aman, Rusiya gəldi”, “ay aman, Türkiyə niyə gəlmədi” deyənlərə...

01, 12, 20
12:30

“Ay aman, Rusiya gəldi”, “ay aman, Türkiyə niyə gəlmədi” deyənlərə...


Yəni bu adamlar bu qədər korazehindirlər ki, Qarabağ savaşının niyə Şuşa dolamalarında dayandırıldığını, niyə Türkiyə qoşunlarının Xankəndində ola biləcəyinə müqavimət göstərilməsinin səbəbini anlamırlar?

 Müxalifətin-hansı ki, 27 sentyabrdan sonra kimə və niyə müxalifətçilik edəcəyi barədə şəxsən məndə hansısa rəy yoxdur-hər keçən gün Rusiya sülhməramlılarının Azərbaycana gəlməsindən daha möhkəm-möhkəm yapışmaqdadırlar. Türkiyə hərbçilərinin Qarabağa gəlməsinin ləngiməsini də bəhanə edərək psevdo-vətənpərvərlik, hay-küyçülük, hakimiyyətə ittiham cəhdləri baş ağrıdır. “Ay aman, Rusiya gəldi”, “Rusiya yenə torpaqlarımızı işğal etdi” və sairə...

Bunların kapasitesinə, illərdir partiyalarında apardıqları uğursuz  siyasətə, onlar üçün hətta canını fəda edənlərə, həbsdə yatanlara verdikləri “qiymət”ə şahid olmasaydım, indi səmimiyyətlərinə bəlkə də inanardım. Qarabağdakı sülhməramlı rus əsgərlərinin üstünə “şığıdıqlarına” baxmayın, indi bizi yenidən qorxutduqları 20 Yanvarda da burnu qanamayan liderlərin bir-bir adlarını sadalaya bilərəm. Hətta Azərbaycanın dəyənəkli əsgərlərindən qorxaraq tərəfdarlarını meydanda necə tək qoyaraq evlərində oturduqlarının da bilirik. Eləsi var ki, nəinki rusla, hətta şeytanla da ittifaqa gedər ki, təki ona hakimiyyətdən bir qırıq versinlər, amma indi isti evində oturub özünü “Youtube” kanallarında “şəhid” edir.
qarabag-1.jpg (83 KB)
Heyrət etməyə bilmirsən. Yəni bu adamlar bunca korazehindirlər ki, Qarabağ savaşının niyə Şuşa dolamalarında dayandırıldığını, niyə Türkiyə qoşunlarının Xankəndində ola biləcəyinə Rusiyanın müqavimət göstərməsinin səbəbini anlamırlar? Tutaq ki, Fransa sülhməramlıları Xankəndində otursaydı, necə olardı? Azərbaycan buna razılıq verə bilərdimi? Axı hamı bilir ki, Fransa ermənilərin  “bacısıdır”. Ya da belə bir mənzərə:

Yunanıstanın, ya da yunan Kiprinin sülhməramlıları Şuşada olsaydı, buna Türkiyə razı ola bilərdimi? Türkiyə sülhməramlılarının Qarabağın bütün səmtlərində yerləşdirilməsinə necə, Ermənistan razı olardımı? Axı, Türkiyənin Azərbaycanın qardaşı olduğunu son savaşda bütün dünya bir daha gördü.

 Rusiya pisdir, o zaman hansı ölkənin sülhməramlılarına könlünüz razı olardı? Amerikanınmı? İraqdakı Amerika ordusu işğalçı deyilmi?


DgAFppLUYAEG4p6.jpg (94 KB)
Rusiya pisdir, o zaman hansı ölkənin sülhməramlılarına uca könlünüz razı olardı? Amerikanınmı? İraqdakı Amerika ordusu işğalçı ordu deyilmi? Mandatı əlindən çıxandan sonra müxalifətçiliyi yenidən yada düşən tarixçinin neçə aylardır qaçıb gizləndiyi ABŞ-ı deyirəm... Onların qoşunları gəlsəydi, əllərinizdə gül-çiçəkləmi qarşılayacaqdınız?

Neçə illərdir quyruğundan yapışdığınız Qərb, “demokratiya olmasa, Qarabağ da olmayacaq” kimi bəzəkli yalanlarınıza təəssüf ki, inananlar da olub. Qarabağın adından istifadə edib yenə hakimiyyət qapısı döyənlərin səmimiyyətinə daha inananmı var? Bunlardımı demokrat, demokratik cəmiyyət istəyənlər? Partiyalarında yerliçilik, qohumbazlıq yaradanlar, alternativ fikir söyləyəni düşmən elan edənlər, xaricə miqrantlar üçün müxalifətçi vəsiqəsi satanlardırmı demokratlar? Hamısını tanıyırıq, hamısını...   

    
Yuxarıdakı misalları ona görə gətirdim ki, Türkiyənin Qarabağın hazırda da münaqişəyə həssas mövqelərində olması hər zaman partlayacaq mina demək olduğu mənzərəsi aydınlaşsın. Putin bu barədə Ərdoğanla danışanda da demişdi. Mina deməmişdi, “təxribat olardı” demişdi. Amma nəticə dəyişmir, nə demək istədiyi aydındır...Türk bayrağını televizorda görəndə rəngi saralan erməni, Əskəranda qapısının ağzında əli silahlı türk əsgərini görsə, gərək təzədən evə qayıdıb şalvarını dəyişsin axı. Bunu yəni o vətənpərvər və ittihamçı kafa sahibləri bilmirmi? Bilirlər, amma hələ şəhidlərin qanı qurumamış yenə əvvəlki mərəzlərinə, qərəzlərinə qayıdırlar. Torpaqlar qayıdır, bunların hakimiyyət istəkləri əldən gedir axı...


İsrarla soruşurlar: “Niyə Rusiya sülhməramlıları?” Guya ki, regiondakı vəziyyəti bilmirlər. Düzü, bunların özlərini Prezident İlham Əliyevdən “ağıllı göstərmək” cəhdləri adama təsir edir. Yoxsa, cəhənnəmə ki, nə deyirlər-desinlər... 44 günlük müharibədə İlham Əliyevin  bir addımını belə atmağa cəsarəti olmayanların, indi Rusiyanın sülhməramlılarına “kəllə atmaları” ürəkbulandırır. Vaxtilə yerli jurnalistlərin çəpəki suallarından belə çəkinib kabinetində yuxulayanların bu 44 gündə bir xarici telekanala, qəzetə, agentliyə Azərbaycanın lehinə bircə kəlmə dediklərini eşitdinizmi? İndi “Rusiya qoşunu gəldi, müstəqilliyimiz getdi” kimi iddialarla ara qatırlar.


Xankəndini niyə almadıq? İndiyədək dövlətdən bir manat maaş almayanlar, üstəlik əməlləri ilə bu xalqa bir qəpik xeyir verməyənlər Xankəndini istəyirlər. Guya gedib orada yaşayacaqlar, guya gedib orada daşı-daş üstünə qoyacaqlar. Lider adlananlar illərlə onlardan təmənnasız yazılar yazan, müsahibələr alan bir qaçqın jurnalisti telefonla bu günlərdə arayıb göz aydınlığı verməyiblər...  
Xankəndiyə bilmirsiz, niyə Azərbaycan ordusu girmədi? Girsəydi, bilmirdinizmi hələ də ümid bağladığınız Qərbdə nə hoqqalar olacaqdı? “Erməni xalqını Qarabağdan qovurlar” deyib nə sanksiyalara çıxaracaqdılar? Xankəndi nə Tuğ, nə Suqovuşan, nə Hadrut deyil axı...Qınamıram, bəziləri hələ də beynəlxalq təşkilatlara donos-məktublar yazırlar ki, Azərbaycana, hakimiyyətə sanksiya tətbiq edilsin...


Ermənilərin beli qırılıb. Heç olmasa, Rusiya televiziyalarında Xankəndinə geri qayıdanlara baxın də..  Ermənistanda acından ölən qohumlarının boğazına şərik olmayanlardır qayıdanlar. Qayıdıblar, amma bundan sonra bir ovuc torpaqda nə edəcəklərini də bilmirlər indi. Rusiya sülhməramlıları həmişə onlara çörək verən deyil axı...

İşğal deyirsiz, gedin Bərdəyədək vaqonlarla gətirilib, sonra Xankəndinə daşınan yüklərə baxın də...Bizim torpaqlarda qalan həmişəki ermənilər deyil-sıxılmış, büzülmüş, əzilmiş, olan-qalan qürurlarını itirmiş ermənilərdir onlar. Onlara Rusiya sülhməramlıları sahiblənir, yedirdir, evlərinin təmiri üçün materiallar verir. Amma silah vermir, qızışdırıb postlarımıza hücum təşkil etdirmir, raket verib şəhərlərimizi, mülkü əhalimizi vurdurmur.


Erməniyə nəzarət ruslara verib, bunu belə qəbul etmək lazımdır. Amma bu da daima ola bilməz, ermənilər əvvəlki kimi o torpaqların “sahibi” kimi özlərini hiss etməyəcəklər, Şuşanın ayağının altında yaşadıqlarını unutmayacaqlar, Azərbaycan Ordusu ilə hesablaşmamağın bədəlini gördülər. İndi biriləri durub işğaldan danışır. Azərbaycan nə 1918-ci ildəki, nə 1993-cü ildəki ölkə olmadığını 44 gündə görmədinizmi? 1993-cü ildə öz ordusunun qarşısından qaçıb pərən-pərən düşənlərin danışmağa haqqı varmı, kimisə ittiham etməyə sözü varmı?


Türk ordusuna gəlincə, mehmetcik Qarabağda mütləq olacaq. Bu məsələ üzərində spekulyasiyaya da gərək yox. Türkiyədə bir siyasi liderin qapısını belə açmaq indi bəzi müxalifət liderləri üçün əlçatmazdır. Türkiyə kimi dövlət isə bu savaşda yanımızda oldu. Onu hansısa dövlətin təzyiq ilə tutduğu mövqedən, Azərbaycana dəstəkdən çəkindirmək mümkün deyil.

Sizə ordu lazımdırsa, erməniyə bir Türkiyə bayrağı olan zirehli maşın da yetər. O bayraqlı zirehli maşının, mehmetçik bölüyünün Şuşada, yoxsa Əsgəranda olmasının fərqi yoxdur. Türkiyə bayrağı kifayətdir. Kifayətdir ki, dost da, düşmən də nəticə çıxarsın...


Nazim SABİROĞLU 

Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın