Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi ilə görüşdü - Nələr müzakirə olunub?

14, 10, 20
18:30

Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi ilə görüşdü - Nələr müzakirə olunub?


2020-ci il oktyabrın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauer ilə görüşüb.

Azerbaycanrealligi.com DTX-yə istinadən xəbər verir ki, Dövlət Komissiyasının sədri Əli Nağıyev Azərbaycana qarşı Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində beynəlxalq humanitar hüquq normalarının ciddi pozulduğunu, erməni tərəfdən mülki vətəndaşların milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən öldürüldüyünü, habelə əhalinin əmlakının bilərəkdən məhv edilməsi cinayətlərinin törədildiyini diqqətə çatdırıb.

Əli Nağıyev qeyd edib ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmağa davam edir: 

“Hətta atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra işğaldan azad edilmiş Suqovuşan ərazisində sanitar maşınının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibb xidməti qulluqçusu ağır yaralanmışdır. Həmçinin oktyabrın 11-də gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə bölgəsindən xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə raket atəşinə məruz qalmış, nəticədə 5-i qadın olmaqla 10 nəfər dinc sakin həlak olmuş, 10 qadın və 5 azyaşlı uşaq, ümumilikdə 34 nəfər yaralanmışdır.

Vurğulanmışdır ki, cari il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın münaqişə və müharibə zonasından kənarda yerləşən yaşayış məntəqələrinə ağır artilleriya və raket zərbələri nəticəsində 41 mülki şəxs həlak olmuş, 211 nəfər yaralanmış, 1200-dən artıq şəxsi ev və mülki obyekt dağıdılmışdır”.

Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirib ki, Ermənistan hərbçilərinin qətlə yetirilmiş Azərbaycan hərbiçilərinin meyitləri üzərində təhqiramiz hərəkətlər etməklə törətdikləri cinayət əməllərinə dair sosial şəbəkələrdə paylaşılan videolar 1-ci Cenevrə Konvensiyasının 16-cı və 17-ci maddələrinin ciddi pozulduğunun sübutudur: 

“Ermənistanın beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu 1949-cu il tarixli Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymamasına baxmayaraq, meyitlərin dəyişdirilməsi, əsir və girovların azad edilməsi daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir və dövlət başçısı tərəfindən zəruri göstəriş və tapşırıqlar verilmişdir”.
Sonda Komissiya sədri Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının pozulmasına dair faktları xanım Arian Bauerə təqdim edib, BQXK-nı Ermənistan tərəfindən humanitar hüquq normalarının pozulması faktlarına obyektiv qiymət verməyə çağırıb.

Xanım Arian Bauer BQXK və Dövlət Komissiyasının qarşılıqlı fəaliyyətinin ümumən konstruktiv olduğunu və konkret nəticələr verdiyini vurğulayaraq, səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın