Türk qambiti: yollar Qarabağın azadlığına aparır - İrəvanda panika

26, 08, 20
13:00

Türk qambiti: yollar Qarabağın azadlığına aparır - İrəvanda panika


Qardaş ölkənin son uğurları, bölgədə və dünyada artan nüfuzu, yeni qaz yatağının kəşfi, Bakı-Ankara tandeminin güclənməsi xain qonşuları əməllicə rahatsız edib; Rusiya isə Ermənistanı ucuz kreditlərdən məhrum etməyə hazırlaşır...


Türkiyə Güney Qafqaz regionunda da öz hərbi-siyasi mövcudluğunu gücləndirməyə başlayıb. Bunu az öncə ölkəmizdə keçirilən möhtəşəm birgə təlimlər, iki dövlətin hərbi rəhbərliklərinin intensivləşən qarşılıqlı səfərləri və verilən bəyanatlar bir daha sübut etdi.

Türkiyə, eyni zamanda, özünün hərbi-sənaye kompleksini, o sırada PUA-ların istehsalını uğurla inkişaf edtirməkdə, silah alıcısından silah tədarükçüsünə çevrilməkdədir. Paralel olaraq bölgənin bir neçə mühüm ölkəsində hərbi bazalar qurmaqla (belə bazaların Azərbaycanda da yaradılacağı gün uzaqda deyil) qardaş ölkə nəinki regionda, həm də qlobal miqyasda vazkeçilməz söz sahibliyini haqq etdiyini ortaya qoymaqdadır.
Türkiyənin Qara dənizdə böyük qaz yatağı kəşf etməsi isə heç şübhəsiz, qardaş məmləkətin regionda və dünyada mövqeyini daha da möhkəmlədəcək. Çünki bu, Rusiya kimi qeyri-dost ölkələrdən energetik asılılığını minimuma endirəcək və ya aradan qaldıracaq, rəsmi Ankaranın dünyada sözünün kəsərini artıracaq. Çünki fors-major vəziyyətlərdə enerji amili xüsusi önəm kəsb edir.
Türkiyənin Azərbaycanda hərbi baza qurması üçün yeni şərtlər ...
Şübhəsiz ki, Türkiyənin bütün istiqamətlərdə güclənməsi Azərbaycanın da güclənməsi, gücümüzə güc qatmasıdır. Bakı-Ankara hərbi-siyasi və iqtisadi-energetik tandemi isə Qarabağ məsələsində işğalçı Ermənistan və müttəfiqi Rusiyanın enində-sonunda mütləq ciddiyə almalı olacaqları çox mühüm bir amildir. Təsadüfi deyil ki, qardaş ölkənin son uğurları, o cümlədən kəşf etdiyi böyük qaz yatağı xain və xəbis qonşularımızı əməllicə dilxor və rahatsız edib. Armenianreport.com-dakı redaksiya məqaləsi bu qənaətin bariz təsdiqi sayıla bilər.

“Türk qambiti: Rusiya özünü məntiqsiz aparır” başlıqlı məqalədə deyilir: “Biz Ermənistan üçün ciddi təhdidlər və təhlükələr yaradan tam yeni siyasi reallıqlarda yaşayırıq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz şelfində bölgədə ən böyük təbii qaz yatağının - ehtiyatları 320 milyard kubmetr həcmində qiymətləndirilən yatağın tapıldığını açıqladı. Yeganə təsəlli budur ki, elan olunan Türkiyə qazının həcmi elə də uzun müddətə bəs etməyə bilər. Yəni 6 il ərzində 320 milyard kubmetr qazın istehlak edilib qurtarması mümkündür. Digər tərəfdən, Türkiyə Qara dənizdə tapılan qaz ehtiyatlarını təxminən 65 milyard dollar səviyyəsində qiymətləndirdi. İstənilən halda qazanc çox böyükdür. Hərçənd burada iqtisadi amil elə də önəmli deyil, daha təhlükəlisi Türkiyənin enerji suverenliyinə doğru addım atmasıdır”.
Azərbaycan-Türkiyə hərbi təlimləri: Plan, strategiya və hədəf Ayna.az
Müəllif bunu Rusiya üçün də bəd xəbər sayır. “Bu, artıq Türkiyə istiqamətində öz mövqelərini ciddi şəkildə itirən Rusiya üçün çox pis xəbərdir. Rusiya qaz məsələsində birinciliyi Azərbaycana uduzdu. Bakıda artıq əllərini ovuşdururlar ki, lazım gələrsə, türk qazının nəqli və ixracından da qazanc götürəcəklər. Rusiya isə özünü elə aparır ki, sanki ”Türk axını" kəmərinin boş qalacağı təhlükəsini başa düşmürlər. Ümumiyyətlə, Moskvada Türkiyənin bölgədə və dünyada güclənməsinə çox qəribə reaksiya var. Halbuki yüksək səviyyəli Türkiyə hərbi heyətinin Bakı ziyarətindən sonra Naxçıvanda bir Türk hərbi bazasının yaradılması müzakirə olunub. Daha bir bazanın Abşeron yarımadasında qurulması nəzərdə tutulur".
Müəllif ardınca yeni reallıqlar fonunda Kremlin işğalçı ölkəni yetərli müdafiə etmədiyini də iddia edib. Rusiya XİN başçısı Sergey Lavrovun az öncə Tovuz təxribatına görə Ermənistanı suçlu çıxarmasını  yada salıb.

“Üstəlik, biz bu günlərdə Rusiyadan bizə qarşı xoşagəlməz bir addımın şahidi olduq. Bunu arxadan zərbə də saymaq olar. Lavrov ”Trud" qəzetinə müsahibəsində Tavuş hadisələrindən danışarkən bildirib ki, Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə sərhəd-buraxılış məntəqəsini yenidən bərpa etmək qərarı ən gözlənilməz nəticələrlə, Azərbaycan və Ermənistan sərhədində qarşıdurmaya gətirib", - deyə məqalədə qeyd edilir.
*****
Bu arada Ermənistan üçün daha bir bəd xəbər gəlib. Belə ki, “Yeni Müsavat”ın Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyasının Maliyyə Nazirliyi ikitərəfli kreditlərin hansısa dövlətə verilib-verilməyəcəyi barədə qərar çıxararkən hökumətin riayət etməli olduğu qaydalar toplusunu hazırlayıb.
Qarabağın Şuşa/Şuşi şəhəri – Ermənistan-Azərbaycan döyüşlərindən ...
Belə bir layihə ilk dəfədir ki, hazırlanıb. Bildirilir ki, dövlət kreditlərinin verilməsində məqsədlərdən biri Rusiyanın məsuliyyətli beynəlxalq kreditor və donor kimi müsbət imicini formalaşdırılmaqdır. Prinsip qismində isə dövlət kreditinin verilməsinin iqtisadi-icari məqsədəuyğunluğu elan edilir. Başqa sözlə, kreditlərin verilməsi qaydaları Maliyyə Nazirliyinin təklif etdiyi formada təsdiqlənərsə, o zaman Belarus, Venesuela, Kuba, Ermənistan Rusiya dövlət kreditləri üçün ümumi əsaslarla müraciət edə bilməyəcək.

Postpandemiya dönəmində, neftin dünya bazarlarında kəskin ucuzlaşdığı mərhələdə şimal qonşumuzun “kəmərləri” daha da sıxacağı və maliyyə məsələlərində daha rasional hərəkət edəcəyi gözlənilən idi. İşğalçı Ermənistan isə çoxdan Moskva üçün daşınması əziyyətli olan “qulpsuz çamadan”a çevrilib. O zaman bəlkə elə bu “çamadan”dan birdəfəılik imtina edilsin?

Hər necə olmasa, artıq Rusiyaya da aydındır ki, işğalçı ölkəyə bunca xərc çəkməyə dəyməz.  İrəvan Dağlıq Qarabağın işğalını heç vaxt rəsmiləşdirə bilməyəcək. Bunu bacarsaydı, 31 ildə bacarardı. Əksinə, bölgədə Rusiya amilinə rəğmən, Azərbaycan-Türkiyə tandeminin bütün istiqamətlər üzrə güclənməsi işğala son qoyulacaq günün uzaqda olmadığını göstərir. İndi bütün yollar Qarabağın azadlığına aparır - Moskva istəsə də, istəməsə də. Çünki günün birində onun razılığına ehtiyac qalmaya bilər... 

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın