Ulu Öndərin və prezident İlham Əliyevin portretləri tullantılar arasına atılıb - Kürdəmir Mədəniyyət evindəki mədəniyyətsizlik! - FOTOLAR

03, 03, 20
18:14

Ulu Öndərin və prezident İlham Əliyevin portretləri tullantılar arasına atılıb - Kürdəmir Mədəniyyət evindəki mədəniyyətsizlik! - FOTOLAR


Azərbaycan Respublikasının Milli Məclisinə 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilər başa çatdı.
 
Bəzi məntəqə və dairələrdə seçkiləri izləyən çoxsaylı beynəlxalq və yerli müşahidəçilərin, eləcə də media nümayəndələrinin rəyi seçki prosesinin azad, demokratik, şəffaf şəraitdə, ölkənin qanunvericiliyinə tam uyğun olaraq keçirildiyini sübuta yetirdi. Amma bəzi yerlərdə isə əksinə, qeyri-qanuni yollarla, qərəzli şəkildə namizəd seçimi edən məntəqə rəhbərləri öz iyrənc əməllərindən qalmadılar. Günün günorta çağı hər kəsin gözü qarşısında qanun pozuntularına yol verdilər.
 
Belə ki, müəllimlərlə "müqavilə" bağlayaraq onların şərəfli peşə sahibi olduğunu şübhə altına alanlar, yerli sakinlərə hədə-qorxu gələrək və müxtəlif vədlərlə, təkliflərlə onları şirnikləndirənlər, "karusel" təşkil etdirənlər, dünyasını dəyişənlərin adından bülleten imzalayanlar və daha nələr-nələr yaddaşlarda qaldı.
 
Bu kimi hadisələr, seçkini izləməyə getdiyimiz Kürdəmir rayonunda daha çox özünü biruzə verdi. Həm namizədlərin müşahidəçiləri, həm də media nümayəndələri 57 saylı Kürdəmir Dairə Seçki Komissiyasının bütün məntəqələrində seçki saxtakarlığının ən eybəcər formasının şahidi oldu. Rayonun icra hakimiyyətinin başçısının Əminə Ağazadə adlı adamının deputat seçilməsi üçün, məntəqə sədrləri və üzvləri bütün oyunlara əl atdılar. Bu oyuna hətta rayonun təcili tibbi xidmət stansiyasının rəhbərliyi də qoşuldu. Məhz onun göstərişi ilə gah təcili tibbi yardım maşınlarında məntəqələrə “xəstə seçici” daşındı. Gah da öncədən təlimatlandırılmış bir neçə dəstədən ibarət müəllimlər bütün məntəqələri dolaşaraq dəfələrlə səs verdilər.
 
Xüsusi təlimatlandırılmış məntəqə komissiyasının işçiləri seçki prosesini izləyən jurnalistlərə də hədə-qorxu gələrək (bu barədə Mətbuat Şurasına, Mərkəzi Seçki Komissiyasına məlumatlar verilib) onların seçkini izləməsinə mane oldular. Bir sözlə, Kürdəmir rayonunda keçirilən seçki prosesi bu kimi neqativ hallarla yadda qaldı. Seçki mədəniyyətindən xəbərsiz həm məntəqə rəhbərləri oldu, həm də seçicilər. Beləcə, saxta yollarla Əminə Ağazadə digər namizədlərinə "qalib" gəldi.
 
Mədəniyyətdən söz düşmüşkən, Kürdəmir Mədəniyyət Evində mədəniyyətdən başqa nə desən vardı. Məsələn, Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkiyə böyük hörmətsizlik edilirdi. Bununla yanaşı, natəmizlik, iyrənc görüntü ürək bulandırırdı. Doğrudur, birinci və ikinci mərtəbədəki otaqlar təmirdən yeni çıxmışdı deyə, səliqəli vəziyyətdə idilər. Amma qalan yerlər bərbad haldaydı. Mədəniyyət Evinin əməkdaşları da elə mədəniyyətdən bixəbər insanlar idi. Elə olmasaydı, tabe olduqları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin buraxılışı olan "Mədəniyyət" qəzetindən süfrə kimi istifadə etməzdilər. Onlarla jurnalistin zəhməti və gözünün nuru ilə ərsəyə gəlmiş bir qəzeti stolustü süfrəyə çevirmək, məncə, elə ən böyük mədəniyyətsizlikdir!
 
Stolun üstünə sərilmiş qəzetdəki məqalə müəlliflərinin (aralarında Beynəlxalq Muğam Mərkəzinin mətbuat xidmətinin rəhbəri Lalə Azəri də vardı) şəklinin üzərində yemək yeyilməsi insana çox pis təsir edirdi. Ən dəhşətli görüntü isə - ulu öndər Heydər Əliyevin portretinin lazımsız, tullantıların içində olması idi!
 
Həmin Heydər Əliyev ki, mədəniyyəti xalqın böyük sərvəti hesab edib. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edib.
 
Gəlin razılaşaq ki, Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyub. Mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi beynəlxalq aləmdə tanıdıb, mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirib, onların daim qayğısını çəkib. 
 
Heydər Əliyev hər zaman deyərdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. 

Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.
 
Qeyd edim ki, Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən çox ləyaqətlə davam etdirilir. Amma həm ulu öndər Heydər Əliyevin, həm də ölkə rəhbərimiz, Prezident İlham Əliyevin mədəniyyətimizə olan zəhmətləri layiqincə dəyərləndirilmir. Belə olmasaydı, Kürdəmir rayonundakı Mədəniyyət mərkəzində onların portretləri lazımsız, tullantı əşyaların arasına atılmazdı...
 
(Qarşı tərəfin mövqeyini də dinləyib, yayımlamağa hazırıq) 











Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın