Ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkən baş redaktor bunları yazdı: "Düşünməyə başladım ki, mən də Mahmud kimi evdən ölü tapılacağam"

07, 07, 19
11:38

Ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkən baş redaktor bunları yazdı: "Düşünməyə başladım ki, mən də Mahmud kimi evdən ölü tapılacağam"


Gənc yazar İkinci Mahmudun qəfil ürək tutması nəticəsində vəfatından sonra saytımızın təsisçisi Dəyanət Babayev özünün facebook səhifəsində eyni xəstəlikdən əziyyət çəkdiyini yazıb. O, səhhətindəki problemlə bağlı köməklik göstərmələri üçün ölkə başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya bir müddət əvvəl teleqram vasitəsilə müraciət göndərdiyini, amma üstündən 32 gün keçməsinə baxmayaraq bu günə kimi hər hansı bir cavab almadığını bildirib. Azerbaycanrealligi.com olaraq sözügedən statusu oxucularımıza təqdim edirik:

Bu gün hər kəsə İkinci Mahmud kimi tanınan Mahmud Atakişiyevin ürək tutmasından qəfil vəfatı məni çox sarsıtdı. Ürək tutması. Bu xəbər məni çox üzdü. 

Ürək tutması...  

Ürək xəstəsi olduğum üçün onun əzablarını hər kəsdən yaxşı anlayıram. Xəbəri eşidəndən özümə gələ bilmirəm.

Sağlamlığım haqqında qısa məlumat verəcəyəm, çünki indiki mərhələdə bunu bölüşməyə böyük ehtiyacım olduğunu hiss edirəm. Azərbaycan həkimlərinin mənə qoyduğu diaqnoz loru dildə desək, ürək çatışmazlığıdır. Hətta bəzi həkimlər mənim tibb sənədlərimə baxanda elə bilirlər ki, onlar mənə məxsus deyil. Heyrətlə sual verirlər ki, bu adam yaşayır? Bəzi həkimlər hətta başqa birinin ürəyinin mənə transplantasiya olunmasını məsləhət edir, bəziləri müəyyən həddə qədər müalicə ilə sağalmağımı mümkün sayır, bəziləri isə mütləq xaricdə həkimlərin nəzarətində olmağımı daha məqsədəuyğun hesab edirlər. Amma bunların heç birinə maddi imkanım yoxdur. Çünki adi bir ürək kardioqrammasını çıxartmaq üçün lazım olan 35-40 manat belə yaxın dostlarımın yüngül köməkliyi ilə başa gəlir. Hal-hazırda müalicəm davam etsə də ciddi dəyişiklik görmürəm, təngnəfəslik, tərləmə məni əldən salır, gecə yatanda boğulmalar olur.


Artıq bu gündən düşünməyə başlamışam ki, bir gün Balaxanıda tək qaldığım evdə mən də Mahmud kimi ölü tapılacağam.

Bir müddət əvvəl bu çətin vəziyyətimdən çıxış yolunu ölkə başçısına və Mehriban Əliyevaya müraciət edərək köməklik göstərmələrini istəməkdə görmüşdüm. Mətbuatdakı bəzi həmkarlarımla da məsləhətləşmişdim. Onlar da ölkənin rəhbərlərinin yardımsevərliyinə ümidlə yanaşaraq dedilər ki, müraciət et, sənə kömək edərlər. Çünki gedib nə oğurluq, nə də hansısa ölkəyə pul müqabilində cəsusluq edənəm. 
Amma ümidlərim artıq bu günlə 32 gündür ki, sönmək üzrədir. 32 gündür ki, prezident İlham Əliyevə 13 manatlıq, birinci vitse-prezident Mehriban xanım Əliyevaya 15 manatlıq teleqram vurmuşam. 32 gün. Bu günlər necə də ümidlə yaşayırdım. İnanırdım ki, ay sonunda mütləq hər hansı xeyirli xəbər alacağam. Amma bu günə kimi də bir "mık" edib cavab verən yoxdur. 

Bəlkə də mənim tutduğum mövqe, sahibi olduğum Azərbaycan Reallığı facebook səhifəsinin fəaliyyəti kimlərinsə xoşuna gəlmir və yaxud da Azerbaycanrealligi.com saytının fəaliyyəti. 

Halbuki mən sıravi vətəndaşı olaraq sizləri ölkəmizin ali qüvvəsi bildim, xalqın rəhbəri bilib müraciət etdim, sizlərə sığındım, yardım səsimə səs verəcəyinizə ümidləndim. Nə isə... Çox yazmaq istəmirəm. 


Allahdan ümid kəsilməz, mənim yenə ali ədalətə, sonsuz mərhəmətə ümüdim var. Ümidlə yaşayıram, inanıram ki, xilaskar gəlib məni mütləq xilas edəcək. Əsas odur, Tanrı Azərbaycanımızı qorusun!

Müəllif: Dəyanət Babayev əlaqə nömrəsi (055) 8288841


Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın