''Deputat evindəki məclisdə çağırış edib ki, oğlunun biznesinə pul yatırsınlar''

26, 01, 19
10:00

''Deputat evindəki məclisdə çağırış edib ki, oğlunun biznesinə pul yatırsınlar''

''Deputat evindÉki mÉclisdÉ Ã§aÄırıŠedib ki, oÄlunun biznesinÉ pul yatırsınlar''
Fərman Məmmədov: ''Həbib Axundov Elnura deyib ki, bu işi boynuna götür, anam Əfv Komissiyasının üzvüdür, sənə kömək edəcək''
Deputat Elmira Axundova və oğlu Həbib Axundovdan şikayətçi olan, onlardan pulunu tələb edən Fərman Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırmalardan narazıdır. Hesab edir ki, məhkəmə obyektiv və ədalətli olsaydı, Elmira Axundova çağırıb dindirərdi, iş materiallarında onun səs yazıları var, onları araşdırardı.

Məhkəmədə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə təqsirləndirilən Elnur İbrahimovun işinə baxılır. İttihama əsasən, E.İbrahimov xaricdən katric gətirib satmaq adıyla Fərman Məmmədov, Şahin Məhərrəmov, Ramin Bəkirov və digərlərindən pul alaraq onları aldadıb.

E.İbrahimov deputatın oğlu Həbib Axundovun dostudur. Zərərçəkmişlərin də bir çoxu pulu H.Axundova verdiklərini bildirirlər.

Lakin H.Axundov da bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. Dostunun onun da 100 min manatını alıb aldatdığı iddia edilir.

H.Axundovun vəkili Afət Qazıyeva məhkəmədə çıxışında etiraz edib ki, niyə zərərçəkən Fərman Məmmədov hər dəfə E.Axundova və oğlunun adını hallandırır.

Fərman Məmmədovun vəkili Fuad Ağayev bunun səbəbini izah edib. Bildirib ki, E.Axundova evindəki məclisdə oğlunun biznes qurduğunu deyib və məclisdə iştirak edənləri həmin biznesə pul yatırmağa çağırıb. Daha sonra H.Axundov F.Məmmədova bu məsələ ilə əlaqədar müraciət edib:

"Fərman Məmmədov düşünüb ki, yaxşı tanıdığı ailənin övladı biznes qurub və ona pul verib. Əks təqdirdə, o, demək olar ki, tanımadığı Elnur İbrahimovun biznesinə heç nə verməzdi. Fərman Məmmədov pulları məhz Həbib Axundova verib. Həbib Axundov verdiyi ifadəsində də etiraf edib ki, Fərman Məmmədovun Elnur İbrahimova verdiyi pulların qaytarılmasına zamin olub".

Vəkilin sözlərinə görə, şahid Kamil Nəcəfovun ifadəsi də deputatın bu işə aidiyyətini təsdiqləyir:

"Elmira Axundova məhz öz oğlunun biznesinə pul qoyulmasını təşviq edib, problemlər ortaya çıxdıqda Elnur İbrahimovla Qəbələdə məzmunu bilinməyən söhbət edib. Belə vəziyyətdə Fərman Məmmədovun ona dəymiş ziyana görə məsuliyyəti Elmira və Həbib Axundovların daşıması nəticəsinə gəlməsi tamamilə ağlabatandır".

F.Məmmədov bildirir ki, H.Axundov Elnura bu cinayəti təkbaşına üzərinə götürməsi üçün vədlər verib:

"Elnur İbrahimovu maşında Yasamal Rayon Polis İdarəsinə aparanda Həbib Axundov ona deyib ki, pulu tək yediyini üzərinə götürsün, həbs ediləcəyi təqdirdə, onun ailəsinə maddi yardım, ayda 500 manat pul verəcək. Anası da Əfv Komissiyasının üzvüdür, bu yolla onun tez azadlığa çıxmasına kömək edəcək. Kim ona pul atan şəxsin belə qayğısına qalar?"

F.Məmmədovun sözlərinə görə, bu zaman maşında onun özü ilə yanaşı, Mehman, Ziya Vəliyev də olublar:

"İşin içində həmin ifadələr var. Bu, Elnur İbrahimovu ələ alma cəhdi deyilmi? Sonradan Elnur İbrahimovun qaçıb gizlənməsi, istintaq orqanının ona daha ağır ittiham verməməsi, dövlət ittihamçısının bu məhkəmə baxışındakı davranışı, məhkəmənin qərarları bu ssenarinin mövcudluğunu təsdiq etmirmi?"

Vəkil F.Ağayev müvəkkili F.Məmmədovun E.Axundova ilə son söhbəti haqda danışarkən bildirib ki, deputat ona oğluna verilmiş pulun tam qaytarılacağını vəd edib:

"Deyib ki, "Həbib söz verib, hər şeyi başa düşür, nəyi varsa satacaq və Fərman dayının pulunu qaytaracaq". Faktiki olaraq Elmira Axundova öz oğlunun məsuliyyət daşıdığını bildirib. Bütün bunlara baxmayaraq, o, nə ibtidai istintaqda, nə də zərərçəkmiş şəxslər və nümayəndələrinin vəsatətinə baxmayaraq məhkəmədə dindirilib. Halbuki, işdəki səs yazıları da Elmira Axundovanın bu işə birbaşa aidiyyatını təsdiq edir. Audioyazılarda Elmira Axundovanın pul vermiş şəxslərdən 2 qadına pullarını qaytarması etirafı da var.

Həbib Axundov da məhkəmə iclasında elə dindirilib ki, dindirilməsəydi, bundan yaxşı idi. Ona suallar verilməsinə imkan yaradılmayıb. Ötən ilin sonu isə onun dindirilməsinin qarşısı çox qeyri-adi üsulla alınıb – dövlət ittihamçısı qəfildən məhkəmə salonunu tərk edib. Halbuki Həbib Axundova bizim bu gün də çoxsaylı suallarımız var. İbtidai istintaq orqanında olduğu kimi, məhkəmə istintaqında da disklərdə olan çoxsaylı audioyazılar dinlənilmədi. Məhz həmin disklərdəki səs yazıları istintaq orqanının ört-basdır etdiyi məsələlərə aydınlıq gətirir. Həbib Axundovun yaxın tanışı müstəntiq Seymur Hidayətzadə də dindirilmədi. O, kimin xahişi ilə Fərman Məmmədovu Yasamal Rayon Polis İdarəsinə çağırması, onu məcburi gətirilmə ilə hədələməsinin səbəbləri, Elnur İbrahimov və Həbib Axundovla bağlı bir sıra mühüm məsələlər barəsində müfəssəl ifadə verə bilərdi".

Məhkəmə prosesi yanvarın 29-na qədər təxirə salınıb.

E.Axundova və oğlu E.İbrahimovla dost olduqlarını təkzib etmir. Sosial şəbəkələrdə E.Axundovun həm H.Axundovla, həm də anasıyla toy görüntüləri yayılıb.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın