Jurnalistin məhkəməsində qalmaqal: "Xalq içində biabır olmuşam" - Məktəb direktoru

17, 10, 18
09:53

Jurnalistin məhkəməsində qalmaqal: "Xalq içində biabır olmuşam" - Məktəb direktoru



Azerbaycanrealligi.com bildirir ki, rüşvət almaqda təqsirləndirilən amerikapress.com saytının rəhbəri, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədr müavini, hüquq müdafiəçisi Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə məktəb direktoru Nailə Məmmədova çıxış edib.

O deyib ki, baş verən hadisələrdən narahatdır: "Xalq içində biabr olmuşam. Məhkəmə prosesi də uzanır. Məndən 800 manat pul alıblar, amma hələ də qaytarılmayıb".

Təqsirləndirilən şəxs Rauf Sultanov isə Nailə Məmmədovaya "mənə müharibə elan edirsən? Səndən kim pul alıbsa, get ondan al" - deyə cavab verib.

Bu zaman hər iki şəxs arasında mübahisə yaranıb, məktəb direktoru məhkəmə zalını tərk edib.

Sonra Rauf Sultanov verilən ittihamları qəbul etmədiyini, günahsız olduğunu qeyd edib.

Məhkəmədə cinayət işində olan sübutlar araşdırılıb.

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində Rauf Sultanov yaşadığı evdə rüşvət alarkən yaxalanıb.

O, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda təqsirli bilinir.

Rauf Sultanov dələduzluqda təqsirləndirilərək əvvəllər məhkumluq həyatı yaşayıb.

Bundan əvvəl o, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham edilib.

Anadangəlmə epilepsiya xəstəsi olan 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib.

Rauf Sultanov 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı polisə müqavimət göstərib və Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə məhkum olunub. Hökm üzrə Rauf Sultanov ötən ilin dekabrın 2-də cəzasını başa vurub.

Xəzər rayon Məhkəməsinin hökmü ilə Rauf Sultanovun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Hökmdən narazı qalan Rauf Sultanov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, hökmdə yenə də xətşünaslıq ekspertizasının rəyi saxtalaşdırılıb. Rauf Sultanov barəsində çıxarılan hökmün ləğv edilməsini və bəraət verilməsini xahiş edib. Həmçinin Baş Prokurorluq da apelyasiya protesti verərək, Rauf Sultanovun cəzasının ağırlaşdırılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Xəzər rayon Məhkəməsinin hökmü dəyişdirilib. Rauf Sultanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi həmin məcəllənin 178.1 və 178.2-ci maddələrinə tövsüf edilib və onun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvəsində saxlanılıb.

Rauf Sultanov sonradan Nizami rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Hüquq müdafiəçisi olan Rauf Sultanov azadlığa çıxandan sonra Amerkapress.com saytını yaradıb və həmin sayta rəhbərlik edib.

Sayt rəhbəri olandan sonra onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər daxil olub.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın