Milli Məclis 15 rayonda kənd adlarını dəyişdi

12, 06, 18
18:32

Milli Məclis 15 rayonda kənd adlarını dəyişdi

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında Azərbaycanın 15 rayonunda bəzi inzibati ərazi vahidlərinin və kəndlərin adının dəyişdirilməsini nəzərdə tutan layihə müzakirə olundu. Dəyişiklik layihəsi barədə parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verdi.
Komitə sədri bildirdi ki, Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı Samux, Şəmkir və Yevlax rayonlarında bəzi inzibati ərazi vahidlərinin və kəndlərin adları dəyişdiriləcək. Layihəyə əsasən, Ağsu rayonunun Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi Xanbulaq kəndi, Astara rayonunun Kakalos kənd inzibati ərazi dairəsi tərkibindəki Qamışkovka kəndi Qamışoba kəndi, Goranboy rayonunun Ağamalıoğlu kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalıoğlu kəndi Düzqışlaq kəndi, Əzizbəyov kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndi Kəhrizli kəndi, Göygöl rayonunun Göygöl kənd inzibati ərazi dairəsi tərkibindəki Xanlar qəsəbəsi Ağdağ qəsəbəsi, Yeni Zavod kənd inzibati ərazi dairəsi tərkibindəki Mixayılovla kəndi Bənövşəli kəndi, Xaçmaz rayonunun Alekseyevka inzibati ərazi dairəsi tərkibindəki Çaykənarı kəndi, Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi, Uzunoba kənd inzibati ərazi dairəsi tərkibindəki Krasnı Xutor kəndi Şıxlı kəndi, Xızı rayonunun Altıağac qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çıstı Klyuç kəndi Safbulaq kəndi, Şurabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsi Şorabad qəsəbəsi, Qazax rayonunun Çaylı kəndi inzibati ərazi dairəsi tərkibindəki Kommuna kəndi Bala Çaylı kəndi, Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsi tərkibindəki Novonikolayevka kəndi Çaydüzü kəndi, Qusar rayonunun Şirvanovka kənd inzibati ərazi dairəsi tərkibindəki Şirvanovka kəndi Şirvanlı kəndi, Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi, Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Astarxanovka kəndi Çaldaş kəndi, Vladimirovka kəndi Çayqovuşan kəndi, Saatlı rayonunun Xanlarkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Xanlarkənd kəndi Nabatkənd kəndi, Qarayevkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qarayevkənd kəndi Orta Muğan kəndi, Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Samux qəsəbəsi Qaraağaclı qəsəbəsi, Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksenburq kəndi Köbər kəndi, Lək kəndi inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi, Sarıqaya kəndi, Şəmkir rayonunun Qasım İsmayılov kənd inzibati ərazi dairəsi tərkibindəki Qasım İsmayılov kəndi Ağlavaşlı kəndi, Muxtariyyat kənd inzibati ərazi dairəsi tərkibindəki Muxtariyyat kəndi Qədimqala kəndi, Yevlax rayonunun Səmədabad kənd inzibati ərazi dairəsi tərkibindəki Bünyadabad kəndi Yeni Çobankərə kəndi adlandırılması təklif edilir.
Deputat Siyavuş Novruzov bəzi tarixi adların dəyişdirilməsinə qarşı çıxdı. Bildirdi ki, əgər malakanlar vaxtilə hansısa çöllükdə kənd salıblarsa, indi onların qoyduğu adı dəyişmək məntiqli deyil: “Muxtariyyat kəndinin adı niyə dəyişdirilsin ki? Onda gərək muxtar sözündən də imtina edək, Naxçıvan Muxtar Respublikasının adından da həmin ifadəni çıxaraq. Yaxud biz niyə Qırmızı adından imtina etməliyik? Bayrağımızda da qırmızı var, qanın da rəngi qırmızıdır”.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul olundu.
E.PAŞASOY,
Musavat.com

Bizimlə əlaqə saxlayın